Yeni müharibə başlayacaqmı?
Bu gün, 10:18

Dünya gərgin şəkildə iki nüvə dövləti arasında qarşıdurmanın nəticələrini gözləyir
Hindistan və Pakistan arasında münasibətlər sürətlə gərginləşir. Hindistan hökuməti, diplomatlar istisna olmaqla, Pakistan vətəndaşlarına verilmiş bütün vizaların ləğv edildiyini elan edib. Hindistan ərazisində olan bütün pakistanlılara ölkəni 29 aprelə qədər tərk etmək göstərişi verilib. Cavab olaraq Pakistan Hindistanla sərhədi tam bağladığını, hava əlaqəsini və ticarəti dayandırdığını, həmçinin daha əvvəl hindistanlılara verilmiş vizaların da ləğv ediləcəyini bəyan edib.
Bundan əlavə, Hindistan hökuməti Pakistandan olan və Yeni Dehlidəki Ali Komissarlıqda çalışan müdafiə məsələləri üzrə müşaviri persona non grata elan edib və onun dərhal ölkədən çıxmasını tələb edib. Yüksək rütbəli pakistanlı diplomat Xarici İşlər Nazirliyinə çağırılıb və ona bütün pakistanlı hərbi nümayəndələrin bir həftə ərzində ölkəni tərk etməli olduğu bildirilib.
Hindistan hakimiyyəti həmçinin açıq şəkildə Pakistanı terrorizmi dəstəkləməkdə ittiham edib. Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Kəşmirdə baş vermiş hücumun məsuliyyətini az tanınan “Kəşmir Müqaviməti” adlı qruplaşma öz üzərinə götürüb. Qruplaşma yaydığı bəyanatda Hindistanın digər ərazilərindən bölgəyə 85 min nəfərin köçürülməsinə etiraz edib və bunu regionun demoqrafik tərkibinin dəyişdirilməsi kimi qiymətləndirib.
Cammu və Kəşmir ştatının regional hakimiyyət orqanları isə son iki ildə bölgəyə həqiqətən də ölkənin müxtəlif guşələrindən 84 mindən çox adamın köçürüldüyünü təsdiqləyib.
Rəsmi Dehli iddia edir ki, Kəşmirdə baş verən zorakılıqlar xaricdən – İslamabadın nəzarətində olan kanallar vasitəsilə dəstəklənir. Pakistan isə bu ittihamları qətiyyətlə rədd edir. Öz növbəsində, Kəşmir sakinlərinin bir qismi silahlı qruplaşmaları terrorçu deyil, müstəqillik uğrunda mübarizə aparan dəstələr kimi görür.
Hazırda Kəşmirin Hindistanın nəzarətində olan hissəsində təxminən 500 min hərbçi dislokasiya olunub. Bölgədə artıq 35 ildir ki, davam edən silahlı qarşıdurma nəticəsində on minlərlə insan, o cümlədən dinc sakin həlak olub.
Son gərginlik vəziyyəti daha da kəskinləşdirir və iki nüvə dövlətinin açıq qarşıdurmaya sürüklənməsi ehtimalını artırır.
Bəs bu vəziyyət nə dərəcədə təhlükəlidir? Hindistanla Pakistan arasında mümkün müharibə təkcə bu bölgəni deyil, daha geniş coğrafiyanı da sarsıdıb, qlobal münaqişəyə səbəb ola bilərmi?
Pressklub.az-ın suallarına bölgə üzrə tanınmış xarici ekspertlər cavab veriblər.
Rusiyalı şərqşünas, Əfqanıstan siyasətinin araşdırılması mərkəzinin rəhbəri Andrey Serenko hesab edir ki, hazırda Hindistanla Pakistan arasında “isti fazaya keçən” qarşıdurma təhlükəsi kifayət qədər realdır.
“Təəssüf ki, gərginliyin əsas hərəkətverici qüvvəsi hər iki ölkədə – həm Pakistanda, həm də Hindistanda ictimai rəydir: hər iki cəmiyyətdə güc nümayişinə, “əzələ oynatmağa” kifayət qədər geniş sosial tələb var. Əslində, İslamabad və Yeni Dehli hökumətləri “müharibə partiyaları”nın ciddi ictimai təzyiqi altındadır və bu təsiri nəzərə almamaq mümkün deyil. Üstəlik, vəziyyəti daha da qızışdıran digər daxili və xarici amillər də mövcuddur – dini və etnik radikallar, Pakistandakı cihadçı terror qrupları, regiondan kənar bəzi ölkələrin ehtimal edilən müdaxiləsi və onların İslam dünyasındakı radikalların diqqətini Fələstin-İsrail münaqişəsindən Hindistanla qarşıdurmaya yönəltmək maraqları və sairə”, – mərkəz direktoru vəziyyəti belə təsvir edib.
O, əlavə edib ki, bu, Pakistan və Hindistan arasında müharibənin qaçılmaz olduğu demək deyil, lakin bu ehtimal kifayət qədər realdır.
“Əgər silahlı münaqişə başlasa, o, bu və ya digər formada Cənubi və Qərbi Asiya regionunun bütün ölkələrini, Çin, Rusiya və Mərkəzi Asiya respublikalarını da əhatə edəcək. Qarşıdurma nüvə müharibəsinə çevrilməsə belə, onun İslam dünyasını partladacaq detonator rolu oynayacağını istisna etmir. Bu halda beynəlxalq cihadın ən dəhşətli layihələrinin yenidən dirçəlməsi, terror təşkilatlarının – istər artıq mövcud olan “ənənəvi” “Əl-Qaidə” və İŞİD-in dirçəlməsi, istərsə də Suriyada müşahidə etdiyimiz kimi yeni terror brendlərinin yaranması təhlükəsi var.
Kəşmirdəki vəziyyət regional və beynəlxalq ictimaiyyət üçün beynəlxalq sistemin bu vacib sektorunda təhlükəsizliyi qoruyub saxlamaq qabiliyyətini göstərmək baxımından mühüm sınağa çevrilir. Yaxın günlərdə bu sınağın heç olmasa “qənaətbəxş” qiymətlə keçib-keçməyəcəyini görəcəyik”, – deyə Serenko yekunlaşdırıb.
Tacik politoloqu Parviz Mullocanov isə bildirib ki, Yaxın və Orta Şərq regionunda kifayət qədər ekstremist qruplaşmalar mövcuddur və onların bir çoxu artıq uzun müddətdir, tamamilə müstəqil fəaliyyət göstərir və hər hansı bir nəzarətdən kənardır.
“Başqa sözlə, əgər Pakistan Kəşmirdə son baş verən genişmiqyaslı terror aktında iştirakının olmadığını iddia edirsə, bu, tamamilə həqiqət ola bilər. Uzun illər ərzində Pakistan xüsusi xidmət orqanları, ilk növbədə Pakistanın Hərbi Kəşfiyyat İdarəsi (Inter-Services Intelligence – ISI) regionda müxtəlif islamçı qruplaşmaları fəal şəkildə dəstəkləyib. Təkcə Hindistanla Kəşmir üstündə münaqişə çərçivəsində deyil, həm də vaxtilə Sovet İttifaqının Əfqanıstandakı işğalına qarşı mübarizə dövründə. Məhz Pakistanın dəstəyi sayəsində “Taliban” hərəkatı iki dəfə – əvvəlcə 90-cı illərdə, sonra isə 2021-ci ildə hakimiyyətə gəlmişdi.
Lakin bu qruplaşmalar gücləndikcə nəzarətdən çıxmağa başlayıb və çox vaxt öz fəaliyyətlərini birbaşa Pakistanın maraqlarına qarşı yönəldiblər. Məsələn, “Taliban” Əfqanıstanda hakimiyyətə qayıtdıqdan sonra ölkə daxilində hökumət əleyhinə çıxış edən islamçı silahlı qruplaşmaları, ilk növbədə “Tehrik-i-Taliban Pakistan”ı (əslində, Pakistan “Taliban”ını) fəal şəkildə dəstəkləməyə başlayıb. Ehtimal etmək olar ki, hazırda Kəşmir istiqamətində fəaliyyət göstərən bir çox qruplaşma da ISI və ya digər sponsorların nəzarətindən çıxıb.
Bundan əlavə, bu gün dünyada beynəlxalq cihadçı şəbəkə mövcuddur və müxtəlif ekstremist təşkilatlar bu çərçivədə regionda genişmiqyaslı münaqişələrə təkan vermək üçün öz fəaliyyətlərini fəal şəkildə əlaqələndirirlər. Bu, onların yeni imkan və fürsətlər əldə etməsi üçün zəmin yaradır. Buna görə də istisna deyil ki, bu son terror aktı da cihadçı liderlər tərəfindən məhz Hindistanla Pakistan arasında gərginliyi və hətta müharibəni qızışdırmaq məqsədilə planlaşdırılıb və həyata keçirilib”, – deyə ekspert bildirib.
Beləliklə, o qeyd edir ki, biz bir daha təkrarlanan fenomenin şahidi oluruq – dövlətlər və xüsusi xidmət orqanları ekstremist qruplaşmalarla oyun oynayarkən gec-tez onların üzərində nəzarəti itirir və nəticədə həmin qruplaşmaların özlərinin əsas təhlükələri siyahısına düşdüyünü görürlər.
“Bununla belə, hazırda Hindistanla Pakistan arasında genişmiqyaslı müharibənin başlanması ehtimalı olduqca aşağıdır – ilk növbədə iqtisadi səbəblərə görə. Hər iki dövlət bu gün ciddi iqtisadi və sosial problemlərlə üz-üzədir və bu çətinliklər, xüsusilə ABŞ ilə dünyanın qalan hissəsi arasında başlanan ticarət və tarif müharibəsi fonunda daha da təhlükəli görünür. Belə şəraitdə genişmiqyaslı münaqişə həm iki dövlət, həm də bütövlükdə region üçün dağıdıcı və çətin proqnozlaşdırılan nəticələrə səbəb ola bilər.
Eyni zamanda, hər iki ölkənin, xüsusilə Hindistanın qlobal iqtisadiyyata inteqrasiyasını da nəzərə almaq lazımdır. Regionda qeyri-sabitlik dünya miqyasında böhran riskinin daha da dərinləşməsi üçün əlavə impuls ola bilər. Bu səbəbdən, tərəflər arasında rəsmi bəyanatlar və atılan addımlar nə qədər sərt və qəti görünsə də, hər iki ölkənin hökumətləri və beynəlxalq ictimaiyyət vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çalışacaqlar.
Əlbəttə, Hindistan hökuməti bu gün qəzəblənmiş ictimai rəyin təzyiqi altındadır və buna görə də əsasən diplomatik xarakterli, lakin görünməmiş tədbirlər həyata keçirir. Bu isə öz növbəsində Pakistan rəhbərliyinin cavab tədbirlərinə səbəb olur və nəticədə münaqişənin tam miqyaslı müharibəyə çevrilməsi ehtimalını tamamilə istisna etmək mümkün deyil. Lakin hazırda belə bir ehtimal çox aşağı görünür”, – deyə Mullocanov qeyd edib.
Kiyev Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov da hesab edir ki, Pakistanla Hindistan arasında qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı olduqca azdır.
“Lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra beynəlxalq nizamın çökdüyü bir şəraitdə bu ssenarini tamamilə istisna etmək olmaz. Hindistanda getdikcə aqressiv təbliğat kampaniyası güclənir və hakim dairə müəyyən məqamda ictimai əhval-ruhiyyənin girovuna çevrilə bilər. Bundan əlavə, Modi (Hindistanın baş naziri – red.) son vaxtlar yaşanan həssas geosiyasi məğlubiyyətləri nəyinsə hesabına kompensasiya etməyə məcbur olacaq. Hindistan ənənəvi müttəfiqləri üzərindəki təsirini sürətlə itirir və həmin ölkələr Çinin təsiri altına keçir. Maldiv, Şri-Lanka və nəhayət, Banqladeş Çinlə xüsusi münasibətlər qurur və öz ərazilərində Çin hərbi bazalarının yerləşdirilməsini nəzərdən keçirir. Belə bir vəziyyətdə kiçik və qalibiyyətlə başa çatan bir müharibə çıxış yolu kimi görünə bilər.
Hindistan yarımadasında böyük miqyaslı müharibə həm dəniz, həm də quru yolları üzrə ən mühüm qlobal logistika marşrutlarını təhlükə altına salacaq. Logistika böhranı isə dünya üzrə inflyasiyanın artmasını sürətləndirən əlavə amilə çevriləcək. Müharibə ehtimalı, həmçinin, yüzlərlə Amerika şirkətinin istehsal güclərini Çindən Hindistana köçürmək planlarını sual altına qoyacaq. Bu isə Çinə regionda öz hökmranlığını möhkəmləndirmək, mövcud investisiya və öhdəliklərin davamına təminatçı kimi çıxış etmək üçün əlavə fürsət qazandıracaq”, – deyə tədqiqatçı bildirib.
O həmçinin hesab edir ki, belə bir müharibə Asiyada onlarla kiçikmiqyaslı münaqişəni də canlandıra bilər.
“Separatçı hərəkatların aktivləşməsi cəhdləri istisna deyil. Müxtəlif yönümlü üsyançılar resurslara çıxış imkanı əldə edə və ya müharibəni öz məqsədləri üçün fürsət pəncərəsi kimi görə bilərlər. Pakistan daxilində də, xüsusilə Əfqanıstanla sərhəddə yerləşən puştun vilayətlərində vəziyyət gərginləşə bilər, çünki orada mövcud sərhəd xətti tanınmır. Digər tərəfdən, Pakistana dini zəmində dəstək üçün səfərbərlik baş verə bilər – xüsusilə ekstremist qruplaşmaların tərəfdarları arasında. İŞİD isə bu müharibədə öz varlığının yeni mənasını tapa bilər. Belə qruplaşmalar döyüş cəbhəsindəki uğursuzluqları hakim dairələrin “həqiqi islamdan uzaqlaşması” ilə izah edəcək.
Hər böyük müharibə kimi, bu region da qaçqın axını və görünməmiş miqyasda humanitar böhranla üzləşəcək.
Əgər belə bir müharibə başlasa, bu, dünyanın daha da qütbləşməsini sürətləndirəcək və yeni ittifaqların, blokların formalaşmasını təşviq edəcək.
Bu fəlakətli ssenari hər nə qədər ehtimal olunsa da, hələlik labüd deyil. Daha çox ehtimal ki, bir neçə həftə davam edəcək aşağı intensivlikli qarşıdurma müşahidə edəcəyik”, – deyə Danilov yekunlaşdırıb.
Rauf Orucov