Qubanın keçmiş icra başçısı HANSI PULLARLA BİZNES QURUB? - əgər araşdırma aparılarsa...

Bu gün, 11:11           
Qubanın keçmiş icra başçısı HANSI PULLARLA BİZNES QURUB? - əgər araşdırma aparılarsa...
Qubanın keçmiş icra başcısı Ziyəddin Əliyevin adı bu günlərdə yenidən diqqət mərkəzindədir. Sabiq icra başcısı Avstriyanın paytaxtı Vyanada “Belezza Design & Concept GmbH” adlı mebel mağazasını qeydiyyatdan keçirib. Axar.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşım edib.

Şirkətin 33 faiz payı onun oğlu Nicat Əlibəylinin, 33 faizi yaxın adamı Ramin Şükürlünün, 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib. Şirkət Gumpendorfer küçəsi 128 ünvanında fəaliyyət göstərir. Ziyəddin Əliyevin daha əvvəl - 2016-cı ildə Avstriyada qeydiyyatdan keçirdiyi “S.M.A.N Business Solutions GmbH” şirkətinin 2023-cü ilə olan hesabata görə 6,5 milyon avro aktivə malik olduğu da qeyd edilir. Həmin şirkətin Çexiyada qeydiyyatda olan “Az Servis - NR s.r.o” şirkəti üzərindən yaradıldığı bildirilib. Ziyəddin Əliyevin biznes dairəsi bununla da bitmir. O, eyni zamanda Ukraynada asfalt zavodu və bir neçə şirkətin benefisiarı kimi qeyd olunur. Lvov vilayətindəki “Alov Tov” MMC üçün İtaliya, Türkiyə, Almaniya, Çin və digər ölkələrdən inşaat materiallarını idxal etdiyinə dair gömrük məlumatları mövcuddur. Bu idxalın bir hissəsinin onun icra başcısı olduğu illərdə gerçəkləşdirildiyi göstərilir.

Ziyəddin Əliyev 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İxtisasca inşaat mühəndisidir.

Əmək fəaliyyətinə 1980-ci ildə “Azərbaycan Kənd Təsərrüfatı Texnikası” Layihə Kontorunda başlayıb. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1984-1993-cü illərdə “Bakı Mühəndis Tikinti” Trestində mühəndis, böyük mühəndis, müdir, 1993-1998-ci illərdə “İnşa” Elm-İstehsalat Mərkəzinin direktoru, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarə rəisi, 2001-2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb.

Ziyəddin Əliyev 2017-ci ilin dekabrından Qubanın icra başçısı vəzifəsində çalışıb. 2023-cü ilin iyununda işdən azad edilib.

Bəs bu kimi faktların açıqlanması cinayət işinin başlanmasına kifayət edirmi? Belə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hansı maddələri ilə tövsif olunmalıdır?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, istinad olunan faktlar korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və ya gəlir mənbələrinin gizlədilməsi kimi hüquqi pozuntulara dəlalət edir: “Bu faktlar cinayət işinin başlanması üçün kifayət edirmi sualına gəlincə, bəli, mediada yayılan və jurnalist araşdırmaları əsasında üzə çıxarılan faktlar ilkin araşdırma üçün əsas ola bilər. Cinayət Prosessual Məcəlləsinə (CPM, maddə 207 və 208) görə, cinayət işi başlanması üçün kifayət qədər əsaslar olduqda, hüquq-mühafizə orqanları araşdırma aparmalı və toplanan materiallara əsasən istintaqa başlamalıdırlar”.

Natiq Ələsgərov deyib ki, Cinayət Məcəlləsinə əsasən qeyd olunan əməllər bir neçə maddəyə tövsif oluna bilər: “Ortada olan məlumatlar aşağıdakı cinayət əməllərinə uyğun gələ bilər:

Əgər şəxs vəzifədə olduğu dövrdə şəxsi və ya üçüncü şəxslərin maraqları üçün öz səlahiyyətlərini aşaraq qərarlar qəbul edibsə, bu halda CM-in 308-ci maddəsi - vəzifə səlahiyyətlərindən sui-istifadə ilə məsuliyyətə cəlb oluna bilər;

Vəzifəli şəxs kimi öz səlahiyyət dairəsindən kənar hərəkətlərə yol veribsə və nəticədə zərər doğubsa, bu halda CM-in 309-cu maddəsi vəzifə səlahiyyətlərini aşma ilə məsuliyyət mümkündür;

Vəzifəli şəxs dövlət vəsaitləri və ya dövlət sifarişləri vasitəsilə şəxsi biznes maraqlarına yönəlmiş əməliyyatlar həyata keçirilibsə, bu halda CM-in 179-cu maddəsi - mənimsəmə və ya israf etmə ilə məsuliyyət mümkündür;

Əgər vəzifədə olduğu müddətdə gəlirlər bəyan edilmədən və ya qeydiyyatsız sahibkarlıq fəaliyyəti ilə məşğul olubsa, bu halda CM-in 192-ci maddəsi - qanunsuz sahibkarlıqla məsuliyyətə cəlb oluna bilər;

Əgər vəzifədə olan şəxsin xarici ölkələrdə (Avstriya, Ukrayna və s.) qeydiyyatdan keçmiş şirkətlərin gəlirləri bəyan edilməyibsə və ya vergi öhdəlikləri gizlədilibsə, bu halda CM-in 213-cü maddəsi - vergidən yayınma ilə məsuliyyətə cəlb oluna bilər;

Əgər bu əməllər nəticəsində dövlət büdcəsinə, ictimai maraqlara və ya digər şəxslərə ciddi ziyan dəyibsə, bu halda CM-in 308.2-ci maddəsi - ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ilə daha ağır cəza tətbiq oluna bilər".

Natiq Ələsgərov “Ziyəddin Əliyevi hansı cəza gözləyə bilər” sualına belə cavab verib: “Əgər yuxarıda qeyd olunan maddələr üzrə cinayət işi başlanarsa və günahı sübut olunarsa, vergidən yayınma və ya qanunsuz sahibkarlıqla bağlı cərimə oluna bilər. Bu kimi hallar üzrə CM 308.2, 179.3 və 192.2 maddələri ilə 2 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər. Məhkəmədə sübut olunarsa ki, şəxs əmlakları cinayət yolu ilə əldə edib, bu halda həmin əmlaklar müsadirə oluna bilər. Eyni zamanda belə cəza verilərsə, müəyyən müddətə vəzifə tutma hüququndan məhrum olunması da qaçılmazdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.