Lənkəranskinin öldürmək istədiyi şamaxılı milyonçu danışdı: - "Onunla düşmənçiliyim olmayıb"
28-10-2016, 17:04
"Mənim heç kimlə düşmənçiliyim olmayıb. Eləcə də, Rövşən Lənkəranski ilə. O yazılanlar isə boş şeylərdir”. Bu sözləri Lent.az-ın əməkdaşıyla söhbətində əslən Şamaxıdan olan milyonçu, idman ustası, hazırda Kiyevdə bizneslə məşğul olan Oleq Andreyeviç Krapivin bildirib.
Oleq Andreyeviçin dediyinə görə, o, bu tip söhbətlərə fikir vermir, hazırda Kiyevdə öz işləriylə məşğuldur.
Lent.az-ın “Sizə qarşı sui-qəsd planının “Lotu Quli”ylə dost olduğunuza görə təşkil edildiyi bildirilir,” sualına isə iş adamı belə cavab verib: “Mən çox adamla dostam, çox adamla münasibətlərim ola bilər. Deyilənlər mənim üçün əhəmiyyətsizdir”.
***
“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun Rövşən Lənkəranski tərəfindən zəhərlənməsi planıyla bağlı KİV-də gedən yazılarda bir nəfərin də adı çəkilib.
Söhbət əslən Azərbaycandan olan və hazırda Kiyevdə yaşayan Oleq Krapivindən gedir. Bu planla bağlı yayılan səs yazılarında da Lənkəranskinin yaxın adımı olan İlqar adlı şəxs “Lotu Quli”nin yaxın adamı, “Oleq Bakinski” kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır: “Sən bu işi burada həll elə, mən də onu Kiyevdə o tərəfə yola salım”, deyir.
Bəs görəsən Oleq Krapivin kimdir?
Lent.az-ın məlumatına görə, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. 2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanır. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Ailəlidir, 4 övladı da var.
Krapivin həm də Ukraynada tanınmış iş adamdır. Ukraynada, xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. “Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir.
Krapivin Kiyevdə həm də “Oleq Bakinski” kimi tanınır. O, Azərbaycan diasporunun liderlərindən sayılır. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədridir.
30 ilə yaxındır, Azərbaycanı tərk etsə də, tez-tez vətəninə baş çəkir. O, Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycan dilində bazar məktəblərinin sponsordur. Bir qədər əvvəl Şamaxıda Krapivinin şərəfinə güləş turniri keçirilib.
Krapivin hətta Şamaxıda güləş məktəbi açıb ona sponsorluq etmək istəyir. Hətta bu məktəbin yeri belə alınıb, bəzi tikinti işlərinə belə start verilib.
Müsahibələrinin birində Krapivin deyir: “Vətənim üçün nə etsəm, azdır. Rus olsam da, özümü həmişə azərbaycanlı hesab etmişəm. Bu torpağa, insanlara bağlılığım olub. Hətta toyum belə, Azərbaycan adət-ənənələrinə uyğun keçib. Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”.
Daha sonra ailəsi ilə bağlı danışan Oleq deyir: “Həyat yoldaşımla Sabunçuda tanış olmuşdum. Atası onu mənə vermək istəmirdi. Çünki həyat yoldaşım ləzgi idi, atası da rus millətinə qız verməyi düşünmürdü. Mən də dedim ki, verməsəniz, götürüb qaçacam. Amma bir-birimizi sevirdik. Şükürlər olsun ki, bu sevgidən gözəl və xoşbəxt ailəm var. Etiraf edim ki, uşaqlarımın necə böyüdüyünün fərqinə varmadım. Çünki mənim iş qrafikim sıx idi. Səhər işə gedirdim, gecə evə gəlirdim. Onlarla lazımi şəkildə vaxt keçirə bilmirdim. Sadəcə, həyatda düzgün seçim etməyim övladlarımın tərbiyəsində də özünü göstərib. Həyat yoldaşım onların cəmiyyətə xeyirli övlad kimi yetişməsində böyük rol oynayıb”.
O, bəzən “avtoritet”, “kriminal lider” adlandırılmasına isə belə cavab verib: “Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu, mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur”.