Niyə boyumuz qısa, ağlımız az, yaddaşımız zəif olur?
18-06-2015, 11:52
Rəşid Mahmudov: “Suyumuzu yodlaşdırsaq, əksər xəstəliklər bizdən yan keçər” Vaxtilə yod çatışmazlığına görə Azərbaycanın endemik əraziləri arasında Şəki, Zaqatala, Quba, Qusar rayonların adı çəkilirdisə, hazırda bu sıraya Bakı və Lənkəran zonası da daxil edilib. Yod isə “orqanizmin dirijoru”, enerji mənbəyi hesab edilən qalxanvari vəzin əsas qidasıdır. Yod çatışımazlığından dünyada 2 milyard insan əziyyət çəkir. Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının dosenti Rəşid Mahmudovun sözlərinə görə, 2000-ci ilə qədər bu rəqəm dünya mətbuatına açıqlanmırdı. Çünki yod çatışmazlığını aradan qaldıracaq vasitə tapılmamışdı. 2000-ci ildə İsveçrə alimləri ionlaşmış yod kəşf etdilər ki, bu da problemin aradan qaldırılmasında böyük irəliləyiş oldu. Yod qəbulunun ən münasib yolu sulardır Orqanizmə yodun hava, su və qida vasitəsilə daxil edildiyini deyən alimin sözlərinə görə, hazırkı ekoloji problemlərlə əlaqədar yod qəbulunun ən münasib yolu su vasitəsilə mümkündür. Ona görə də içməli suların yodlaşdırılmasına böyük ehtiyac var: “Əksər xəstəliklərimizə səbəb qidalarımızda, içdiyimiz sularda yodun çatışmamasıdır. Yaddaş pozğunluğu, tükün tökülməsi, dırnağın qırılması, insanların şişmanlaşması, boyun inkişafdan qalması da məhz bununla bağlıdır. Normal halda insan gündə ən azı 100, ən çoxu 300 mikroqram yod qəbul etməlidir. Əgər gündə 11 mikroqramdan az yod qəbul etsək, orqanizmdə qalxanvari vəzdə problemlər, zob xəstəlikləri yaranar. Qax-Zaqatala zonasındakı sularda yodun miqdarı 28-31 mikroqramdır. Ən çox Gədəbəy zonasındadır ki, orada da 41 mikroqarama qədərdir. Yod orqanizmdə qalmır, dövr edir, qalxanabənzər vəzdə kanadrozinlə birləşərək trioksin hormonu əmələ gətirir. Trioksin orqanizmdə bir dəqiqə yarım qalır, 23 saniyəyə bütün bədəndə dövr edir. Trioksin qan vasitəsilə bütün hüceyrələrə çatdırılır və mitoxandrini qıcıqlandırır. Mitoxondri orqanizmə enerji verir – mexaniki enerji, istilik enerjisi, ayrı-ayrı orqanlarda elektrik enerjisi əmələ gətirir. Onu da deyim ki, trioksin qanla beyinə gedərək beyində peyk hüceyrələrdə qlükoza ilə birləşərir və qlütamin turşusu əmələ gətirir. Qlütamin turşusu sinirin üzərində mielin qişası əmələ gətirməyə xidmət edir. Mielin ağıl deməkdir. Bütün bu prosesin həyata keçməsi yalnız yod vasitəsilə mümkündür. Niyə bizə unutqan deyirlər? Çünki qlütamin turşusunun yaranması üçün yodumuz çatmır. Bu bəlanın qarşısını almaq üçün də mən ən münasib yolu sularımızın yodlaşdırılmasında görürəm. Sularımız yodlaşsa, zəkamız aydınlaşar, insanlarımız ətalətdən qurtarar”. Yodlaşdırılmış duzlardan düzgün istifadə edilməlidir 2001-ci ilin dekabrında "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" qanun da qəbul edilib. Qanunun qəbulunu təqdir edən Rəşid Mahmudovun sözlərinə görə, insan yodun müəyyən hissəsini xüsusi yodlaşdırılmış duzdan ala bilər: “Yodlaşdırılmış duzların saxlanma şəraiti bəzən düzgün olmur. Ümumiyyətlə, istehsal tarixindən başlayaraq yod duzda 6-9 ay ərzində qalır. 40 dərəcədən sonra hərarətin təsirindən yod uçur. Qadınlarımız yeməyə ha yodlaşdırılmış duz əlavə etsə belə, yemək hazır olana qədər orada yoddan əsər-əlamət qalmır. Yod ən çox xurmadadır, onun da qəbulu mövsümidir, bir ay, uzaqbaşı 40 gün mümkündür”. Bir litr ionlaşmış yodu 10 ton suya əlavə etmək mümkündür Rəşid Mahmudov dedi ki, Azərbaycanda yodlu su istehsalçıları da var, amma həmin suyun qiyməti bahadır: “Mən bir neçə il öncə elmi jurnalda suyun yodlaşdırlmasından yazmışdım. Məqalənin dərcindən sonra bir sıra millət vəkilləri maraqlandı və onların dəstəyi ilə su istehsalında bu üsul tətbiq edildi. Bir litr ionlaşmış yodu 10 ton suya əlavə etmək texnologiyası ilə məqsədə nail olundu. Bu, heç də baha başa gələn proses deyil”. Alim bildirdi ki, suyun tərkibində yodun olub-olmadığını hər adam yoxlaya bilər: “Kartofu ortadan kəsib içərisini oyursan, yoxlamaq istədiyin suyu oyulan çökəyə tökürsən. Bir müddətdən sonra həmin su göyəribsə, demək, suyun tərkibində yod var, suyun rəngində heç bir fərq olmayıbsa, onda dəqiq bilinir ki, su yodsuzdur”.
teleqraf com