“LEDİ QAQAYA QONORAR AZƏRBAYCAN BÜDCƏSİNDƏN VERİLİBSƏ, MƏXFİLƏŞDİRİLƏ BİLMƏZ”
18-06-2015, 15:00
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının açılış mərasimində öz mahnısı ilə iştirak edən məşhur müğənni Ledi Qaqaya buna görə nə qədər vəsait ödənildiyi barədə suala cavabında bunun kommersiya sirri olduğunu deyib.
Görəsən, hansısa bir fərdə verilən məbləğ haçandan kommersiya sirri sayılır ki, onun açıqlanması bu qədər müşkülə çevrilib? Digər tərəfdən, dövlətin kommersiya sirri olurmu?
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Yenicag.az-a açıqlamasında qeyd etdi ki, Ledi Qaqaya verilən vəsait dövlət büdcəsi hesabına ödənilibsə, onun məbləği mütləq açıqlanmalıdır:
Kommersiya sirri adətən kommersiya fəaliyyətilə məşğul olan qurumlarına aid bir məfhumdur. Yarışların açılış mərasimində iştirak edən Ledi Qaqaya ödənilən məbləğ Azərbaycanın dövlət büdcəsindən verilibsə, dövlət büdcəsindən xərcləmələr kimə verilməsindən asılı olmayaraq şəffaf olmalıdır. Bununla bağlı qanunvericilikdə də xüsusi müddəa var ki, vətəndaşlara və ya digər şəxslərə verilən imtiyazlar, güzəştlər, ödəmələr hər hansı bir formada gizli məlumat kimi məxfiləşdirilə bilməz. Görünür, verilən məblığin kommersiya sirri olduğunu deməklə idman nazirimiz məsələni bir qədər qarışdırıb. Bu ödəmə dövlət büdcəsi tərəfindən verilməsəydi, proses iki kommersiya qurumu arasında baş versəydi, bu onlarln sirri ola bilərdi. Bütün hallarda yəqin ki, yaxın günlərdə Ledi Qaqanın vergi ödədiyi ölkə olan ABŞ-da yarışların açılış törənində nə qədər vəsait aldığını biləcəyik. Çünki, həmin ölkədə bu tip vergilər gizlədilə bilməz. Ledi Qaqa kənardan gələn vəsaitlərin məbləğini orada açıqlamaq məcburiyyətindədir. Azərbaycan da yəqin ki, yaxın vaxtlarda bunu açıqlamağa məcbur olacaq”.