“Hər neçə aydan bir əfvin verilməsini gözləmirəm” - Əliməmməd Nuriyev
12-04-2017, 09:41
Hər ilin martında verilən əfv sərəncamlarından sonra gözlər qarşıdan gələn önəmli günlərə dikilir. Ötən aydakı əfvdən sonra may ayında və ondan sonrakı aylarda yeni bir sərəncamın verilə biləcəyi ilə bağlı çoxsaylı xəbərlər dolaşır.
Gələn ay üçün mayın 10-da mərhum prezident Heydər Əliyevin doğum günündə, eləcə də 28 may Respublika günündə sərəncamın ola biləcəyi söylənilir. İyunun 15-dəki Qurtuluş günündə də əfvin olma ehtimalları istisna edilmir. İlin sonlarına qədərki Ramazan və Qurban bayramlarında da sərəncamın imzalanması ehtimallarından söz açılır. 18 oktyabr Müstəqillik günü də müzakirələr sırasındadır.
Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, elə illər olub ki, bir neçə əfv sərəncamı imzalanıb: “Bir qayda olaraq, əvvəlki illərin təcrübəsindən çıxış etsək, il ərzində iki əfv sərəncamı imzalanıb. Novruz bayramı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günlərində sərəncamlara şahidlik etmişik. Amma praktikada 28 may Respublika günündə, 18 oktyabr Müstəqillik günündə sərəncamların verilmə halları olub. Eyni zamanda Ramazan və Qurban bayramlarında da sərəncamlar verilib. Amma bir məqamı xüsusi qeyd etmək lazımdır ki, sonuncu əfv 423 nəfərə şamil olundu. Bu çox ciddi rəqəm idi. Çox təəssüflər olsun ki, bu sərəncamla bağlı müxtəlif xoşagəlməz fikirlərə rast gəlirik. Kimlərinsə əfv olunmamasından söz açılır. Belə fikirlər ortaya atıldı ki, əfv üçün müraciət etmək lazım deyil. Siyasi qrupların təmsilçiləri daha çox belə fikirlər səsləndirdilər. Amma elə ki, sərəncam imzalanır, başlayırlar ki, bu əfv bizim ümidləri doğrultmadı. Burada əsas olan odur ki, şəxsin özünün müraciəti olmalıdır. Əgər məhbusun yaxınları da müraciət etməyiblərsə, o zaman əfv imzalananda həmin şəxslərin hansı gözləntiləri olmalıdır? Müraciət etmisən ki, adın da siyahıda olsun? İstənilən halda əfv ölkə başçısının konstitusion hüquqlarından biridir. Hər bir dövlətin gücü onun mərhəməti və humanizmindədir. Dövlətimiz hər zaman bu prinsiplərə söykənib və belə də davam edəcək. Konkret hansı gündə əfvin verilmə ehtimallarının yüksək olması barədə nəsə deməyə çətinlik çəkirəm. Doğrusu, hər neçə aydan bir əfvin verilməsini gözləmirəm. Əfv bir dəyərdir, bu dəyəri qorumaq lazımdır. Hesab edirəm ki, optimal, ağlabatan günlərdə ölkə başçısı vətəndaşlarına münasibətdə mərhəmət və humanizm nümayiş etdirib. İnanıram ki, bu hüququn hər zaman tətbiqi prosesi olacaq. Cənab prezidentin özü müəyyən edir ki, əfv nə zaman verilməlidir”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ilin sonuna qədər əfv sərəncamının verilə biləcəyi ehtimallarından söz açdı: “Əvvəlki illərdə ildə iki-üç dəfə əfv sərəncamları verilirdi. Əfv siyahısına düşən insanlar arasında siyasi məhbusların sayı isə son illərdəkindən çox olurdu. Ötən il bir əfv, bir dəfə də amnistiya oldu. Amnistiya may ayında millət vəkili xanım Mehriban Əliyevanın təşəbbüsü ilə oldu. Düşünürəm ki, bu il də ilin sonunda əfv ola bilər. Və ola bilsin ki, yenə də amnistiya olsun, yaxud il ərzində məhkəmə vasitəsilə bir neçə siyasi məhbus azadlığa buraxılsın. Amma fikrimcə, ola bilsin ki, əfv ilin sonunda olsun”.