Prezidentin anti-Avropa çıxışının pərdəarxası

15-07-2015, 08:44           

Mehman Əliyev: “Azərbaycan çalışacaq ki, gah bu sahilə, gah da o sahilə tərəf üzsün və ”minalanmış sahələrə" daxil olmasın"; Vahid Əhmədov: “Prezident haqlı olaraq söylədi ki, biz hara qədər lazımdırsa Avropaya inteqrasiya etmişik”
Siyavuş Novruzov: “Ora getməmişik ki, kimsə bizə dərs keçsin”

Nazirlər Kabinetində 2015-ci ilin birinci yarısına həsr olunmuş toplantıda prezident İlham Əliyevin Qərbə ünvanlı sərt tənqidləri Bakı ilə Avropa arasındakı konfrontasiyanın hələ uzun müddət davam edəcəyi qənaətini ortaya çıxarıb. Dövlət başçısı bəlkə indiyə qədər olmadığı şəkildə açıq notlarla, kəskin ritorika ilə tənqidlərini dilə gətirdi ki, bu da bəzi uzaqgedən təxminlərin dövriyyəyə buraxılmasına, hətta Bakının Rusiyanın layihələrində yer ala biləcəyi barədə təxminlərə yol açıb.

Prezident deyib ki, rəsmi Bakının siyasəti Azərbaycan maraqları üzərində qurulub və heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Qeyd edib ki, “erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər”.

“Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar eyni zamanda Azərbaycanda ”5-ci kolon"un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər", - deyə ölkə başçısı qeyd edib.

Ölkə rəhbəri Avropa Oyunlarının açılışına iki gün qalmış Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsini müzakirəyə çıxarmasını və qəbuluna çalışmasını “şərəfsiz hərəkətlər” kimi xarakterizə edib. Həmçinin Avropa Oyunları zamanı AŞ PA-nın anti-Azərbaycan qətnaməsi qəbul etməsinə toxunaraq bu addımı pisləyib.

Bəzi müşahidəçilər bu kimi bəyanatların Azərbaycan üçün zərərli nəticələr verə biləcəyi barədə də fikirlər yürüdürlər. Lakin fərqli düşünənlər də var. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ölkə başçısının çıxışını şərh edərkən öncə Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığa dair yeni gəlişmələrə diqqət çəkdi: “Pentaqon Avropanın üstündə durub. Amerikanın Avropada rolu kifayət qədər böyükdür, aparıcıdır. Ukrayna hadisələrində aparıcı rol Avropadadır, amma burada Avropa institutları işləyir.

Yaxud İranın nüvə texnologiyası ilə bağlı danışıqlar Avropada, Avropa ölkələri ilə getsə də, Amerika aparıcı qüvvədir. Bu gün Avropanın təhlükəsizliyi, stabilliyi, inkişafı da kifayət qədər Amerikaya bağlıdır. Bu mənada Amerika il Avropanı bir-birindən ayırmaq düzgün olmazdı. Avropaya inteqrasiya ilə bağlı mesajlar ki, verilir, fikrimcə, bunlar iki məsələyə hesablanıb. Birincisi, qarşıdan gələn parlament seçkilərinə hədəflənib. Ona görə də Azərbaycan tərəfi maksimal dərəcədə çalışır ki, seçki prosesinə müdaxilə olmasın. Çünki seçkiləri əsasən ATƏT, Avropa Şurası, Avropa Parlamenti izləyir.

Azərbaycan tərəfi bu gərginliyi yaradır ki, onların seçki prosesinə qarışmasının qarşısı alınsın. Bu, onunçün çox vacibdir. Yəni seçkiləri yola verəndən sonra başqa şeylərdən də danışmaq olar. İkincisi, Rusiya amilidir. Rusiyaya göstərilir ki, Azərbaycanın Qərblə münasibətləri ürəkdən gəlmir, sadəcə olaraq, praqmatik maraqlardan doğan addımdır. Ona görə də bizim maraqlarımız harda üst-üstə düşürsə, əməkdaşlıq edirik, düşmürsə, əməkdaşlıq etmirik. Yəni demək istəyirlər ki, biz Avropanın siyasi kursu çərçivəsində hərəkət etmirik, biz fərqliyik, sizə daha yaxınıq”.

M.Əliyev eyni tənqidi notların Rusiyada da səsləndiyinə diqqət çəkdi: “Azərbaycan da bu tənqidləri təkrarlayır. Yəni Rusiya qorxusu realdır və Azərbaycan göstərmək istəyir ki, heç də Qərblə müttəfiq deyil, Moskvaya qarşı deyil, hətta onunla müttəfiqdir. Diqqət edirsinizsə, Azərbaycan tərəfi Avropa və Amerika ilə bağlı ikili standartlardan danışsa da, Rusiya ilə bağlı ikili standartlardan danışmır. Bu, çox maraqlı bir şeydir ki, niyə Azərbaycan Rusiya ilə bağlı heç vaxt ikili standartlardan danışmır? Azərbaycan nəinki ehtiyat edir, açığı deyək, qorxur və əsas məsələ də elə bundadır. Son vaxtlar Azərbaycanın müsəlman dövləti olması səbəbindən ikili standartlara məruz qalması fikrini də səsləndirməyə başlayırlar. Ancaq müsəlmançılıqla əlaqədar hansı təzyiqlərin olması aydın deyil”.



Bununla belə, M.Əliyev Azərbaycanın Avropa qurumlarından çıxacağı, yaxud Rusiyanın təsir dairəsində olan birliklərə qoşulacağını zənn etmir: “Uzun illərdir ki, Azərbaycanın siyasəti heç yerə tələsməmək, heç yerə sürətlə girməmək, bacardıqca prosesi uzatmaq, gecikdirmək, ya da tam girməməkdən ibarətdir. Məsələn, MDB-də varıq, ancaq Rusiyanın müdafiə, sərhədlərlə bağlı sistemində yoxuq. Azərbaycan çalışacaq ki, gah bu sahilə, gah da o sahilə tərəf üzsün və ”minalanmış sahələrə" daxil olmasın. Bu bəyanatlar, mesajlar məhz ona görə səslənir. Dediyim kimi, əsas məqsəd parlament seçkiləri ilə bağlıdır. Hakimiyyət çalışır ki, maksimal dərəcədə Avropa qurumlarını neytrallaşdırsın. Fikir verirsinizsə, bu gün Avropa seçkilər haqqında danışmır. Onu da deyim ki, müəyyən dərəcədə ikitərəfli oyun gedir. Əks təqdirdə, Avropa niyə Azərbaycanın reaksiyasının əvəzi olaraq sərt şəkildə seçki məsələsini qoymur?"

Qeyd edək ki, ölkə başçısı Qərbə inteqrasiya mövzusunda fikirlər söyləyən deputat və məmurlara da Qərbin ikili standartlarını xatırladıb və bəzi mesajlar verib.



Deputat Vahid Əhmədov moderator.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanın əsas ticarət tərəfdaşı Avropadır: “Təkcə neft - qaz layihələrinin iqtisadiyyatımızdakı payına baxmaq kifayət edər ki, bizim öz vədlərimizə necə sadiq qaldığımız sübut olunsun. Elə bunun özü Qərbə inteqrasiya deyilmi? Amma prezident haqlı olaraq söylədi ki, biz hara qədər lazımdırsa Avropaya inteqrasiya etmişik. Yəni Avropa nə qədər haqq edirsə ondan artığını etmişik. İndi Avropa zəhmət çəkib öz dəyərlərinə hörmət etsin, Azərbaycana qarşı ikili standartlardan əl çəksin, yalnız ondan sonra bizdən başqa istəklərdə bulunsun. Yoxsa bu gün bir tərəfdən özlərinin enerji ehtiyaclarını ödəmək üçün Azərbaycanla sıx əməkdaşlıq edirlər, o biri tərəfdən öz tərəfdaşlarına qarşı qeyri-adekvat mövqe sərgiləyirlər. Bu isə dözülməzdir və prezident də artıq bu ritorika ilə əslində özünün haqlı etirazını ifadə etdi”.
musavatr com



YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov isə qəzetimizə dedi ki, burada Rusiyaya üz tutmaqdan, yaxud Qərbdən imtinadan söhbət getmir: “Sadəcə olaraq, söhbət hər kəsin bizə olan adekvat münasibətindən gedir. Azərbaycan ənənəvi kursu həyata keçirir, rəsmi Bakı balanslaşdırılmış siyasət aparır, hər bir ölkə ilə bərabər səviyyədə, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, o cümlədən də beynəlxalq qurumlarla”. S.Novruzov Avropa Şurasından imtina barədə ehtimallara da reaksiya verdi: “Avropa dəyərlərinə biz nə dərəcədə qiymət veririksə, Azərbaycan dəyərlərinə də Avropanın analoji münasibəti olmalıdır. Biz ora getməmişik ki, kimsə bizə dərs keçsin”.

YAP-çı deputat Qərblə gərginliyin arxasında parlament seçkiləri amilinin dayandığı barədə fikirləri qəbul etmədi: “Seçkilərlə əlaqədar biz Avropa Şurası və ATƏT-ə də müşahidə missiyasını həyata keçirməklə əlaqədar müraciət etmişik. Həm MSK, həm parlamentin müraciəti olub. Bizim onlardan çəkinəcəyimiz bir şey yoxdur. Qanunvericilik yüksək səviyyədədir, seçki mühiti normaldır, dəvət etmişik, istənilən formada müşahidə keçirə bilərlər. Amma söhbət qərəzsizlikdən, tərəfsizlikdən, ədalətdən gedir. Hazır bəyanatı yazıb bura gəlməyin heç bir mənası yoxdur”. S.Novruzov Bakının Rusiyadan ehtiyatlandığı barədə fikirləri qəbul etmədi: “Biz heç bir ölkənin diktəsi ilə oturub-durmuruq, hər bir ölkə ilə bərabər münasibət qururuq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.