Abbas Abbasov deputat oğlunu Azərbaycandan qaçırdı - İDDİA
16-07-2015, 23:15
“Abbas Abbasov oğlunu ölkədən çıxarıb”. “Azadlıq” qəzeti son saylarından birində belə bir iddia irəli sürüb.
Bir müddətdir ki, media baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun ailəsi ətrafında yaranan gərgin durumdan yazır.
Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbs edilməsi xəbərindən sonra onun oğlu, Milli Məclisin üzvü Aydın Abbasovun da həbs ediləcəyi ilə bağlı xəbərlər yayıldı.
Yada salaq ki, Nadir Abbasovun Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb, geri qaytarmadığına görə DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi ilə bağlı iddialar var. Abbasovlar ailəsi ilə bağlı yayılan son xəbər isə Aydın Abbasovun ölkədən çıxarılması haqqındadır.
“Azadlıq” qəzeti iddia edir ki, Moskvada “Milyarderlər İttifaqı”nın yaradılmasından sonra Azərbaycan hakimiyyəti ilə münasibətləri gərginləşən Abbas Abbasov oğlunu gizli yolla ölkədən çıxara bilib.
Aydın Abbasovun Azərbaycanda olub-olmadığını dəqiqləşdirmək üçün onun mobil telefonuna dəfələrlə zəng vurduq. Ancaq telefona cavab verən olmadı. Alternativ qaynaq kimi, Aydın Abbasovun Facebook səhifəsini incələdik. Bəlli oldu ki, iyulun 16-da axşam saatlarında Aydın Abbasov Bakı bulvarında olub. Bu faktı o, Facebook səhifəsində özü paylaşıb.
Görünür, bununla o, həm də “Azadlıq”ın iddialarını təkzib edib.
Aydın Abbasovun son bir neçə aydakı hərəkət trayektoriyası yalnız Gəncə və Bakı arasında dəyişir. AŞPA-nın yaz sessiyasında Fransaya bir neçə günlük səfərini nəzərə almasaq, deputat yalnız Bakıda və Gəncədə olub. Onun Facebook paylaşımları belə deməyə əsas verir.
Özünün, qardaşlarının övladları ilə bərabər şəkil paylaşmağı sevən Aydın Abbasovun səhifəsində daha çox dini mesajlar yer alıb. Bir qayda olaraq, rusca yazılan mətnlər İslam dini ilə bağlıdır.
Aydın Abbasovun son iki mesajını diqqətinizə şatdırırıq:
1. “Beləliklə, biz qardaş məhəbbətini və sayğısını gənc nəslə də ötürə bildik. Allah bütün övladları və qardaşları saxlasın! Qoy, Ramazan ayı onların hamısına can sağlığı və xoşbəxtlik, ruzi və bərəkət gətirsin!”
2. “İnşallah rəhman Allah bizim hər birimizi dualarımızla bağışlayar. Əziz bacı və qardaşlarım çox ümid edirəm ki, sizlərdən çoxunuz bağışlanacaq və cənnət (Firdevs) qapılarının açarını alacaqsınız. Allah sizi qəfil xəstəliklərdən və itkilərdən saxlasın!”