Bu yolda cərimələnənlərə şad xəbər - Qalmaqallı fotoya reaksiya

28-07-2015, 13:28           
Bu yolda cərimələnənlərə şad xəbər - Qalmaqallı fotoya reaksiya
“Sovetski”də evlərlə birgə hasarlanan işıqforun taleyi haqda Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

İdarənin şöbə rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin məsələ ilə bağlı araşdırma aparılır: “Nəriman Nərimanov küçəsində işıqforun hasarın arxasında qalması haqda artıq məlumatımız var və bu barədə araşdırma aparılır”.

K.Əliyev bildirib ki, işıqforun hasara alınmasında həmin işləri görən şirkət işçilərinin günahı olub: “Ərazidə dekorativ hasar çəkən şirkət bu barədə bizə məlumat verməyib. Artıq həmin ərazidə xüsusi texniki vasitələrin köməyi ilə işıqfor barəsində avtomatik rejimdə aşkar edilmənin dayandırılması haqda göstəriş verilib. Bu işlər yekunlaşana qədər inzibati xətalar elektron formada protokollaşdırılmayacaq. Bununla yanaşı, ora yolayrıcı olduğu üçün təkrarlanan işıqfor da işlək vəziyyətdədir, sürücülər diqqətli olsunlar”.

Şöbə müdiri bildirib ki, həmin işıqforun fəaliyyətsiz olması ərazidə yol hərəkətinin nizamlanmasına mane olmayacaq: “Yol ayrıcında işıqforun işləməməsi həmin ərazidə çoxsaylı qayda pozuntusunun baş verməsinə səbəb ola bilməz. Sürücülər işıqfor işləməsə də ərazidəki müvafiq nişanlara uyğun hərəkət etsinlər. Nişan yoxdursa belə, nizamlanmayan yolayrıcıların keçilməsi qaydasına uyğun olaraq, yəni sağdan gələn nəqliyyat vasitəsinin hərəkət üstünlüyünə malik olması qaydasına əməl etməklə hərəkət etməlidirlər”.

Kamran Əliyev qeyd edib ki, hasar çəkildikdən sonra işıqforun qırmızı işığında hərəkəti davam etdirən sürücülərin cərimələri ləğv olunacaq: “Sürücülərdən həmin işıqforda qırmızı işıqda keçdiyi üçün cərimə olunduğu barədə bizə müraciət edən olmayıb. Əgər kimsə həmin yerdə qırmızı işıqda keçdiyi üçün cərimə olunduğu haqda məktub alıbsa, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsin. Çünki sürücüyə göndərilən sənəddə ərazinin fotosu da göndərilir. Fotolarda da görünəcək ki, orada hasar var və işıqfor hasardan içəridə qalıb. Həmin inzibati materialın icrasına xitam veriləcək”.

DYP rəsmisi yaxın günlərdə ərazidə yeni asma işıqforun quraşdırılacağını deyib: “Bu gün həmin yerdə iş gedir, artıq beton dirək quraşdırılıb. Həmin dirək üzərində asma işıqfor quraşdırılacaq. Hazırda beton dirəyin bərkiməsini gözləyirlər. Günün sonunda yaxud sabah həmin yerdə yeni işıqfor quraşdırılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.