General oğlunun polisi döyməsi xəbəri ilə bağlı — Rəsmi açıqlama

28-07-2015, 22:36           

Bakı şəhər Baş Polis İdarəsi və Baş Prokurorluq general oğlunun polis əməkdaşının üstünə maşın sürməsi haqda yayılan xəbərlərlə bağlı birgə açıqlama yayıb.

Həmin açıqlamanı təqdim edirik:

“25 iyul 2015-ci il tarixdə saat 17 radələrində Yasamal rayon sakini, 1994-cü il təvəllüdlü Hətəmov Elçin Elşad oğlu rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Arif Qasımov və Tariyel Mahmudovun yol hərəkətinin tənzimlənməsi ilə bağlı qanuni tələblərinə tabe olmayaraq sonunculara təpik və yumruqla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edərək xəsarətlər yetirməsində kifayət qədər əsaslı şübhələr olduğundan faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

E.Hətəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Göstərilənlərlə yanaşı bildiririk ki, E.Hətəmovun valideynləri hüquq-mühafizə orqanlarının əməkdaşı deyil və heç bir ali xüsusi rütbə daşımırlar”.

Xatırladaq ki, general oğlunun polis əməkdaşının üstünə maşın sürməsi xəbərini yayan “azadlıq.info” generalın adını açıqlamasa da, həmin şəxsin kimliyi və konkret harada işləməsi haqda onlarda məlumatın olduğunu qeyd etmişdi.

Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.