Eldar Mahmudovu bağlı qalan cinayətlərə görə də dindirəcəklər...

18-11-2017, 11:22           
Eldar Mahmudovu bağlı qalan cinayətlərə görə də dindirəcəklər...
Sabiq nazir Elmar Hüseynovun qətli, ADNA terroru və Binəqədidəki yanğınla bağlı sorğu-suala tutula bilər

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan və komandasının əksər üzvləri həbs ediləndən sonra MTN-in (ləğv edilib) vaxtı ilə apardığı bir çox qondarma cinayət işlərinin yenidən araşdırılacağına ümidlər yaranmışdı. Mahmudov vəzifəsindən çıxarılandan ötən 2 ildən bir qədər artıq müddətdə ümidlər öləzisədə, cəmiyyət “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli işi, “ADNA terroru”, Binəqədidə çoxmərtəbəli binanın kibrit qutusu kimi külə döndərilməsi və buna bənzər bir çox işlərin araşdırılacağına ümidlər artıb. Hazırda Eldar Mahmudov istintaqa cəlb olunan şəxsdir. Ona sadalanan işlərlə bağlı sualların verilib-verilmədiyi hələlik bilinmir.

Bununla belə bu işlərin hər birinə onun özünün, vaxtilə rəhbərlik etdiyi qurum vəzifəlilərinin aidiyyatları haqda zaman-zaman mətbuatda yazılar dərc olunub.

2005-ci il martın 2-də, yaşadığı binanın blokunda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilmişdi. Bu cinayəti MTN guya araşdırırdı. Halbuki Elmar Hüseynovun qətlində birbaşa iştirak etmiş icraçıların, killer dəstəsi üzvlərinin adları, yaşadıqları ünvanlara qədər bəllidir. Killer dəstəsində Gürcüstan vətəndaşları - Tahir Xubanov, Teymuraz Əliyev, Serqo Davrişov, Nuqzar Bolkvadze və Arçil Kasiya olublar. Eldar Mahmudovun nazirliyi dövründə bu şəxslərin həbs edilmələri üçün hər hansı bir addım atılmayıb. Gürcüstan hüquq-mühafizə orqanları dəfələrlə bu şəxsləri Azərbaycana ekstradisiya edə biləcəklərini bəyan etsələr də, zəruri sənədlər təqdim edilmədiyindən həmin şəxslər istintaqdan kənarda saxlanılıblar. Məsələ ondadır ki, Elmar Hüseynovun qətlində hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun iştirakına dair iddialar var. İllərdir bu barədə danışılır. O, həbs olunanda Elmar Hüseynovun qətlinin açılacağına ümid edilirdi.

Amerikaya köçən tanınmış politoloq, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu illərlə apardığı müşahidə və aldığı məlumatlar əsasında Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) tördilən terrorla bağlı çox müdhiş iddialar ortaya qoymuşdu. Ə.Oruclu özünün bloq yazısında bu haqda çox maraqlı qeydlər etmişdi.

Sitat: “Üstündən illər, onilliklər keçsə də bu cinayət yenidən araşdırılmalı və terroru təşkil edənlərdən tutmuş saxta istintaq aparanlar və saxta məhkəmə hökmü çıxaranlaradək hamısı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu saxta cinayət işində imzası olan hər kəs qanun qarşısında cavab verməlidir...”

Sabiq polis rəisi Mahmud Hacıyev ADNA terrorunda Mahmudov və onun dəstə üzvlərinin iştirakı iddiasını araşdırmağın mümlünlüyünü vurğulayır:

“Ağır cinayət tərkibli əməllərdə müddət nəzərə alınmır. ADNA-dakı olay ağır terror aktı idi. Bu cür hadisələrin üzərindən hətta 30 il keçsə də, bu məsələ diqqət mərkəzində saxlanılmalıdır. Yüksək inkişaf etmiş hüquqi-demokratik dövlətlərdə bu kimi ağır cinayətlər hər dəqiqə diqqət mərkəzində saxlanılır və davamlı araşdırılır. Əməliyyat-istintaq tədbirləri dayandırılmadan keçirilir. ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə kimi dövlətlərdə bu qəbildən olan cinayətlər hər il araşdırılır. Bizdə isə belə bir xroniki xəstəlik var. Bir cinayət işi 5-6 ay, uzağı 1 il araşdırılır, bundan sonra yaddan çıxır.

Bunlar oyundankənar vəziyyətdə qalan cinayət işləri olur. Ancaq qeyd etdiyim kimi, illər keçməsinə baxmayaraq bunlar araşdırılmalıdır. Eldar Mahmudov məsuliyyətdən kənarda qalmamalıdır. Ən azından ona görə ki, onun tabeçiliyində olan polkovniklər, generallar, yüksək çinli zabitlər ağır cinayət əməli törədiblər. Eldar Mahmudov isə onların rəhbəri olub. Rəhbər olduğu üçün Eldar Mahmudov onlardan qabaq məsuliyyət daşıyır. Ortaya müxtəlif informasiyalar çıxır. ADNA-dakı olayla Eldar Mahmudov arasındakı bağlantıya gəlincə, bu iddianı araşdırmaq, yoxlamaq mümkündür. Hər hansı informasiya ortaya çıxanda onun mənbəyini, bu informasiyanın reallığa nə dərəcədə yaxın olduğunu yoxlayırlar. Bundan sonra həmin informasiya əməliyyat-istintaq yolu ilə dəqiqləşdirilir”.

2015-ci il Avropa Oyunlarını açılışı ərəfəsində-mayın 19-da Azadlıq prospektində 16 mərtəbəli yaşayış binasında baş vermiş, 15 nəfərin ölümü ilə nəticələn yanğın işində də mahmudov və onun ətrafının qatqısının olması iddiaları var. Daha bir maraqlı məqam yanan bina işində ləğv olunmuş MTN və onun rəhbəri Eldar Mahmudovun məsuliyyət məsələsi idi. Məsələn, məhkəmənin qərarı ilə ən ağır cəzaya məhkum edilən “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudov məhkəmədə yanğına görə MTN-i ittiham etmişdi. O demişdi ki, yanğından əvvəl ondan MTN-çilər 300 min manat rüşvət istəyiblər. Rüşvət verilməyib və bundan sonra Azadliq prospektindəki bina müəmmalı şəkildə yanıb. Ümumiyyətlə, aylarla davam edən məhkəmə prosesində bu işdə MTN-ə xeyli suçlamalar olub, hətta vəkillərdən binanın qəsdən yandırıldığı iddia edənlər də olub. Miryusif Mahmudovun vəkili İlhamə Həsənova da “Yeni Müsavat”a ilginc faktlar açıqlamışdı.

Vəkilin sözlərinə görə, Azadlıq prospektindəki binada baş verən yanğından sonra araşdırma aparıblar və Bakıda müxtəlif binalarda silsilə şəkildə olaraq qəsdən, xüsusi üsulla yandırılma ilə bağlı məlumatlar əldə ediblər. Onun sözlərinə görə, mayın 16-da, Binəqədidəki yanğından 3 gün əvvəl Nərimanov rayonunda veteranlar üçün nəzərdə tutulmuş binaya bitişik binada yanğın törədilib. İlhamə Həsənova deyib ki, həmin binanı da “Global Construction” şirkəti üzləyib. “Sadəcə, həmin yanğının qarşısı daha tez alınıb. Həmin bina ilə Binəqədidə yanan binanın xarici görünüşü, bitişik binanın olması da üst-üstə düşür. İstintaq deyir ki, Binəqədidəki binada yanğın həmin binaya bitişik binanın damından başlayıb. Nərimanovda, veteranların binasında da eyni cür yanğın törədilib. Binanın damından neftə batırılmış kəndirləri yandırıb veteranlar üçün nəzərdə tutulan binaya bitişik binanın divarından sallamışdılar. Bunu niyə, nə məqsədlə etmişdilər? Sadəcə olaraq Nərimanovda olan yanğın xoşbəxtlikdən tez söndürülüb deyə veteranlar üçün nəzərdə tutulan binada yanğın olmayıb. Həmin vaxt veteranlar binası yansaydı, ”Global Constraction" şirkətinin rəhbərliyini bu fakta görə istintaqa cəlb edəcəkdilər" - deyə vəkil bildirmişdi.

Göründüyü kimi, geniş rezonans doğuran cinayət işlərinin əksəriyyətində E.Mahmudovun adı əsas fiqurantlardan biri kimi keçir. Güman edilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində sabiq nazirdən bu cinayətlər haqda da soruşulacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.