“2020-də Azərbaycanda yoxsul qalmayacaq” iddiası etiraz doğurdu

28-12-2017, 11:15           
“2020-də Azərbaycanda yoxsul qalmayacaq” iddiası etiraz doğurdu
İqtisadçılar nazir müavininin fikirlərini qeyri-ciddi adlandırdılar...

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov APA-ya müsahibəsində 2020-ci ildə Azərbaycanda bircə yoxsul da qalmayacağını bildirib. İqtisadçılar isə onun dediklərinin məntiqə sığmadığını və iqtisadi əsaslara söykənmədiyini bildirirlər. Onların sözlərinə görə, neftdən asılılıq və yoxsulluq səviyyəsi nəinki 2020-ci ildə, heç yaxın 10 ildə minimuma düşə bilməz.

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda yoxsulluq səviyyəsinin 5 yox, daha yüksək göstəricilər olduğunu dedi: “Baş nazirin müavininin bu bəyanatlarıaçığı, mənə sovet dövrünü xatırlatdı. Sovet dövründə də belə səs küylü bəyanatlar verilirdi ki, savadsız əhali, işıqsız ev qalmayacaq. Hətta bir ara belə şüarlar da vardı ki, televizor, soyuducu olmayan ev qalmayacaq. Nazir müavininin bəyanatı da buna bənzədi. Çünki Azərbaycanın iqtisadi potensialına və bugünkü vəziyyətinə baxdıqda görürük ki, Azərbaycanın neftdən asılılığı hələ uzun müddət davam edəcək. Ən yaxşı halda buna on illər lazımdır ki, Azərbaycanın neftdən asılılığı xeyli dərəcədə aşağı düşsün. Bu gün əgər ixracatın 91 faizə yaxınını neft, neft məhsulları və qaz təşkil edirsə, necə edəcəklər ki, 2020-ci ildə ixracatda 91-92 faiz olan neft faktorunu minimuma endirsinlər? Bu mümkün deyil. Gərək o zamana kimi Azərbaycanda iPhone kimi və ya yeni texnologiya kimi elə bir şey kəşf olunsun ki, neftdən asılılıq düşsün. Bu isə açığı, fantastik görünür. Yoxsulluqla bağlı isə onu deyim ki, dünyada yoxsul olmayan ölkə yoxdur. Yoxsulluğun olması öz özlüyündə faciə deyil. Faciə o zaman olur ki, dövlətlər öz yoxsul təbəqəsinə sosial layihələr çərçivəsində normal münasibət göstərə bilmirlər. Azərbaycanda isə ən böyük problem yoxsulluq həddinin hesablanması üçün istifadə edilən indikatorların kifayət qədər geridə qalmış olmasıdır. Biz bu hesablamalarda qonşu ölkələrdən belə geri qalırıq. Normal hesablamalar aparılsa, Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz yox, 30-35 faiz olardı. Türkiyədə dövlət statistika komitəsi tərəfindən 4 nəfərlik bir ailənin minimum yaşayış səviyyəsini təmin etmək üçün ayda təqribən 4200-4300 lirə lazım olduğu hesablanıb. Hətta həmkarlar təşkilatlarının hesablamalarına görə, bu minimum 5000 lirə olmalıdır. Yəni 4 nəfərlik bir ailənin aylıq gəliri 4300 lirədən aşağıolanda kasıb sayılırsa, bunu Azərbaycan manatına çevirdikdə təqribən 2000 manat edir. Yəni adam başına təqribən 500 manat düşür. Azərbaycanda aşağı səviyyədə hesablanan yoxsulluq həddindən də çıxış edərək yoxsulluğun ümumi səviyyəsinin aşağı düşdüyü qeyd olunur. Qonşu ölkələrdəki kimi yoxsulluq hesablamaları aparılsa, ölkəmizdə yoxsulluq səviyyəsinin 5 yox, 35-40 faiz olduğunu görərik”.


Digər iqtisadçı ekspert Rəşad Həsənov isə bu hesablamaların iqtisadi əsaslarla aparılmadığını bildirdi: “İlk növbədə yanaşma yanlışdır. Çünki yanaşmanın heç bir iqtisadi əsaslandırması yoxdur. Faktiki olaraq Azərbaycan iqtisadi repressiyadan hələlik xilas olmayıb. 2017-ci ildə Azərbaycan iqtisadiyyatında 0,2 faiz zəifləmə baş verib. Eyni zamanda əhalinin gəlirləri 2014-cü illə müqayisədə kəskin şəkildə azalıb. Təsəvvür edin ki, 2016-cı ildə 12,5 faiz, 2017-ci ildə təxminən 14 faiz inflyasiya baş verib. 2018-ci il üçün beynəlxalq maliyyə qurumları ortalama 8-10 faiz arası inflyasiya proqnozlaşdırır. Amma əhalinin gəlirlərinin hökumət tərəfindən ən yaxşı halda 0,5 faiz artırılacağı ehtimal olunur. Bu şərtlər daxilində ”Azərbaycanda 2020-ci ildə yoxsul qalmayacaq" ifadəsinin işlədilməsi onu deməyə əsas verir ki fikirlər əsaslandırılmamış və yanlışdır. Bir məsələ də var ki, burada tətbiq edilən indikatorların əhəmiyyəti böyükdür. Əgər siz həqiqətən də Azərbaycanda günə bir manat qazanan adamı yoxsul saymasanız, o zaman bəlkə də Ə.Həsənovun dediyi göstəriciləri əldə edərsiniz. İnkişaf etmiş ölkələrdə yoxsulluq səviyyəsinin indikatorları çox yüksəkdir və bu indiqatorlar nəticəsində də, o ölkələrdə bəzi hallarda yoxsulluq səviyyəsi Azərbaycanda çox yüksək olur. Çünki onların yoxsulluq anlayışı fərqlidir".

Ekspert Azərbaycan iqtisadiyyatının neftdən asılılığının 10 illər, bəlkə də daha uzun müddət davam edə biləcəyini dedi: “Cari ilin 11 ayının nəticələrinə görəölkənin ixracının 90 faizi neft məhsulu olub. Yəni dövlət büdcəsinin 2018-ci ildə gəlirlərinin 55 faizdən çoxu neftdən qaynaqlanacaq. İqtisadiyyatın 36-37 faizi hazırda neft sektoru hesabına formalaşır. Azərbaycan bundan sonra da neft istehsal edəcək, neftdən asılılığı qalacaq. Azərbaycan manatının məzənnəsi neftin qiymətindən 90 faiz asılı vəziyyətdədir. Bu gün islahatların icrasına diqqət etsək görərik ki, islahat prosesi getsə də, çox ləng gedir və effektiv deyil. Faktiki olaraq bir sıra dövlət qurumları bəzi hallarda öz öhdəliklərini yerinə yetirmir. Bu istiqamətdə ən böyük sənəd strateji yol xəritələrinin yarım illiyinin monitorinqidir. Bu gün Azərbaycan iqtisadiyyatının uzunmüddətli dövrdə neftdən asılılığının aradan qaldırılması çox çətin görünür. Hətta dövlət rəsmiləri belə bəzi hallarda etiraf edirlər ki, iqtisadiyyatın şaxələndirilməsi üçün ən azı 10 il vaxt lazımdır. Buna görə də düşünürəm ki, açıqlama qeyri-ciddidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.