Tələbə qəbulunda şok faktlar – Rus bölməsinə xüsusi güzəşt
19-08-2015, 23:38
Artıq 2015-ci ildə ali məktəblərə I mərhələ üzrə qəbul prosesi yekunlaşıb.
teref.az xəbər verir ki, AzNews.az-ın hazırladığı materialda bildirilir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı statistikaya əsasən, bu mərhələdə 32276 nəfər tələbə adı qazanıb və ayrılan plan yerləri 83.12 faiz dolub. Hazırda isə boş qalmış yerlərə (6555 yer) ixtisas seçimi davam edir.
Onu da bildirək ki, ali məktəblərə qəbul olan şəxslərin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Qəbul nəticəsində hər bir ixtisas üzrə formalaşmış keçid balları da həmin jurnalda qeyd olunub. Elə bu məlumatlarla tanışlıq bizdə şok effekti yaradacaq bir məsələyə diqqət ayırmağımıza sövq etdi.
Belə ki, Azərbaycan və rus bölmələrinə müsabiqə zamanı ikili yanaşmanın mövcud olduğu və nəticədə rus bölməsinə sənəd verənlərin əksər ixtisaslara daha asan, yəni daha az balla qəbul olmasına süni şərait yaradıldığı üzə çıxır.
Gəlin onlarla belə nümunənin bir neçəsi ilə tanış olaq:
Məsələn, I ixtisas qrupunda Bakı Dövlət Universitetinin “fizika müəllimliyi” ixtisasına Azərbaycan bölməsində qəbul olan ən minimal bal 425 olduğu halda, rus bölməsində bu 202 baldır. Həmin universitetin “riyaziyyat müəllimliyi”nə Azərbaycan bölməsində 507 bal, rus bölməsində isə 202 bal, “Tarix müəllimliyi”nə 546 bal, rus bölməsində 288 bal, “Coğrafiya müəllimi” ixtisasına 440 bal, rus bölməsində 200 bal, “Sosiologiya” ixtisasında Azərbaycan bölməsində 455 bal, rus bölməsində 212 bal, hüquqşünaslıqda Azərbaycan bölməsində 507 bal, rus bölməsində 256 bal olub.
Kəskin fərq Azərbaycan Dövlət Neft Akademiyasının əksər ixtisaslarında da müşahidə olunur.
Məsələn, “Elektroenergetika mühəndisliyi” ixtisasının Azərbaycan bölməsinə qəbul olan sonuncu abituriyentin balı 455 bal olduğu halda, rus bölməsinin həmin ixtisasının keçid balı 238 formalaşmışdır. “Elektrik mühəndisli” ixtisasında bu fərq müvafiq olaraq 416 və 253 bal təşkil edir. Azərbaycan Dövlət İqtisad Universitetində də bu sahədə vəziyyət ürəkaçan deyil. “Beynəlxalq münasibətlər” (438 bal), “Maliyyə” (415 bal), “İnformasiya texnologiyalar və sistemləri mühəndisliyi” (519 bal ) ixtisaslarında keçid balı yüksək olsa da, rus bölməsi üzrə həmin ixtisaslara keçid balı müvafiq olaraq 288, 288 və 258 bal olub.
Beləliklə, bəzi ixtisasları çıxmaq şərti ilə, demək olar birgə müsabiqə aparılmayan bütün ixtisaslarda rus bölməsinin bu cür “üstünlüyü” göz qabağındadır. Bəs bu ikili standartın yaranmasına yol açan səbəb nədir? Azərbaycanda 2015-ci ildə ali məktəblərin ixtisas seçimində iştirak hüququ olan abituriyentlərin (38799 nəfər) təqribən 11 faizi (3665 nəfər) rus bölməsi abituriyenti olduğu halda onlara bu cür xüsusi vəziyyət niyə yaradılmalıdır?
2013-cü ildə TQDK tərəfindən qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş “Abituriyent” jurnalının 12-ci sayında belə bir qeyd var:
“Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2013-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 6.37 artmışdır. 2013-cü ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin 56.26 faizini təşkil etmişdir. Azərbaycan və rus bölmələri abituriyentlərinin müsabiqədə birgə iştirak etməsi müsbət nəticə verir. Çünki hər iki bölmənin abituriyentləri bəzən eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tamamilə fərqli keçid balları formalaşır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur”.
Həmin jurnalın 2014-cü il üzrə eyni buraxılışında isə başqa mənzərə ilə tanış oluruq:
“2014-cü ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 74.44 fazi azalmışdır. 2013-cü ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 13.87 faizini təşkil etmişdir”.
Beləliklə, məlum olur ki, plan yerlərində birgə müsabiqə aparılan ixtisasların sayında kəskin azaldılma, başqa sözlə rus bölməsinə imtiyazlı şəraitin yaradılmasına 2014-cü ildən başlanıb. Və bu il də vəziyyət dəyişməyib. Göründüyü kimi rus bölməsinə ayrılan plan yerləri ayrıca olduqda orada fərqli müsabiqə vəziyyəti yaranır, nəticədə rus bölməsində oxuyanlar daha az balla qəbul oluna bilirlər. Amma müsabiqənin birgə aparıldığı plan yerlərində belə hal baş vermir. Məsələn Tibb ixtisaslarında olduğu kimi.
Nəticə göz qabağındadır: rus bölməsində I mərhələdə ixtisas seçimində iştirak eləmiş şəxslərin az qala hamısı ali məktəbə qəbul olub, bundan başqa demək olar bütün ali məktəblərin rus bölməsi üzrə plan yerləri boş qalıb. Azərbaycan bölməsində isə əksinə, əsasən özəl və regional ali məktəblərdə boş yerlər qalıb. Qaydalara əsasən, Azərbaycan bölməsi rus bölməsinin yerlərinə sənəd verə bilməz.
Bəs belə halda , olmazdımı ki, hər iki bölmənin abituriyentləri üçün plan yerləri birgə müsabiqə üçün ayrılaydı və həmin yerlərə bölməsindən asılı olmayaraq bərabər prinsiplərlə qəbul aparılaydı? TQDK özünün yuxarıda qeyd etdiyimiz kimi, müsbət qiymətləndirdiyi bu birgə müsabiqə aparılması qaydasının tətbiq olunmamasına niyə şərait yaradır? Komissiyanın mətbuat xidmətindən bu suallarımıza çox qısa cavab verdilər:
“Plan yerlərinin təsdiqi TQDK-nın səlahiyyətlərinə aid deyil”. Bəs onda Komissiya haraya baxır?