"Dövlət başçısı ”nefti unudun" deyəndə yalnız qiymətin ucuzlaşmasına deyil, həm də hasilatın azalmasına diqqəti çəkdi".
20-08-2015, 11:13
“Neft gəlirlərinin formalaşmasına 3 əsas amil təsir göstərir: hasilat, qiymət və xərc. Azərbaycanda neft hasilatının piki 2010-cu ildə olub, o zaman 50,8 milyon ton rekord səviyyədə neft hasil olunub. Elə o zamandan da neft hasilatı aşağı düşməkdə davam edir. Ötən il 2010-cu illə müqayisədə 17,5 faiz və ya 8,8 milyon ton az, bütövlükdə 42 milyon ton neft istehsal edilib. Bu il hasilat aşağı düşməkdədir. Gözlənilir ki, bu il 2010-cu illə müqayisədə istehsalımızın 1/5-ni itirəcəyik”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bu fikirləri “Yeni Müsavat”ın suallarına cavabında bildirdi. Qeyd edək ki, bəzi müşahidəçilər neftin qiymətinin aşağı düşməsini şərh edərkən bunun keçici olduğunu və 2008-ci il qlobal böhranı zamanı yaşananların təkrarlanacağı barədə fikirlər yürüdürlər. Lakin əksini düşünənlər də var. Q.İbadoğlu deyir ki, neftin qiymətinin rolu xüsusi əhəmiyyət kəsb edir: “Məsələn, pik istehsal 2010-cu ildə olsa da, neft gəlirlərinin rekord səviyyəsi Azərbaycanda 2011-ci ildə qeydə alınıb. Çünki 2011-cu ildə qiymət səviyyəsi istehsaldan yüksək idi və istehsalda itkini qiymət hesabına nəinki bərpa etmək mümkün idi, hətta daha çox qazanmaq imkanı var idi. Hazırda isə qiymət həmin illərlə müqayisədə iki dəfədən çox aşağı düşüb”. İqtisadçı alimin fikrincə, xərc amili də gəlirlərə azaldıcı təsir göstərir: “Son məlumatlara görə, hasilat xərcləri də artır. Belə olan halda hətta qiymətlərin əvvəlki səviyyəsində belə ötən illərdə olan gəlirləri əldə etmək mümkün olmayacaq. Ona görə də dövlət başçısı ”nefti unudun" deyəndə yalnız qiymətin ucuzlaşmasına deyil, həm də hasilatın azalmasına diqqəti çəkdi".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban də hesab edir ki, neftin yüksək qiymətlər dövrü artıq arxada qalıb: “2014-cü il 17 iyun tarixindən London birjasında neft qiymətlərinin enişi başlandı. O zaman ən yüksək hədd 117 dollar idi və İŞİD-in İraqdakı ilk 3 neft yatağını ələ keçirməsindən sonra yaranan ajiotajdan sonra neft qiymətlərinin 105 dollardan kəskin artımı ilə müşahidə olmuşdu. Ancaq sonrakı mərhələdə İŞİD üzü şimala və qərbə istiqamət götürdü. Əslində 2014-cü ildə neft qiymətlərinin enməsini BP və "Shell" şirkətləri 2013-cü ilin noyabr aylarında öz hesabatlarında qeyd etmişdilər və 2014-cü ilin ikinci yarısından dünya bazarında qiymətlərin düşməsinin bazar iştirakçılarına elə bir təəccübü olmadı. Sadəcə, təəccüblü olan düşmənin sürəti idi”. İ.Şaban qeyd etdi ki, indi proqnozlar yaxın 10 ilə verilir: “Hələ ki heç bir proqnozda qiymətin 100 dolları keçəcəyi göstərilmir. Dünya Bankı 2025-ci il üçün 90 dollar göstərir. Ancaq həmin ilin 90 dolları alıcılıq qiymətinə görə 2010-cu ilin qiymətlərindən 10% aşağı olacaq. 2020-ci il üçün isə qiymətlərin 79 dollar çivarında olması güman edilir”. Neftin qiymətinin bundan sonrakı dönəmlərdə nə səbəbə artmayacağına gəldikdə, İ.Şaban bunları bildirdi: “Bu sualın əslində cavabı ondadır ki, 2002-2014-cü illərdə neftin 100-113 dollar arasındakı qiyməti köpükdən yararlanıb və real qiyməti 25%-dək üstələyib. İndi həmin köpüyün fəsadlarının aradan qaldırılması prosesi gedir, vəssalam”.
Qiymətin enməsinə rəğmən hökumətin nikbin açıqlamalarının səbəblərini şərh edən ekspert bunu təbii saydı: “Hökumət müxalifətdən fərqli olaraq çıxışlarında həmişə məsələlərə münasibətində soyuqqanlı olur. Bu da başa düşüləndir. Çünki cəmiyyətin gözü qarşısında iqtidardır və onun ”ağzından çıxan hər kəlmə" ajiotaja da səbəb ola bilər, istənilən hökumətin rolu isə stabilləşdirici faktorlara söykənir. Ancaq belə məsələlər elə aparılmalıdır ki, cəmiyyətin hökumətə inamı da olsun".
Maraqlıdır, Azərbaycan hansısa ciddi krizislə üzləşərsə, xaricdə aldığı mülkləri sata, vəsaitləri ölkə iqtisadiyyatına yatıra bilərmi? İ.Şaban: “Neft Fondu 800 mln. dollarlıq mulklər almışdı, təbii ki, nə vaxt istəsə, sata bilər. Eləcə də qızıl külçələrini. Ancaq baha aldığı şeyi ucuz satmağın nə mənası? Ona görə də bu aktivlərin yaxın ”beşillikdə" təkrar bazara çıxarılması perspektivlərini görmürəm. Həm də Neft Fondu o aktivləri uzunmüddətli aktivlər kimi əldə etdiyini açıqlayıb - yəni özünün investisiya portfelini diversifikasiya etmək siyasəti yürütdüyü üçün 2012-ci ildən başlayaraq belə addımlar atırdı. Ancaq uzaqgörən təhlilçilər bilirdilər ki, neftin bahalı qiymətində həm daşınmaz əmlak, həm də qiymətli metallar bahalı olur".