Azərbaycanda məmur həbsləri başlayır - İDDİA
21-08-2015, 15:33
Azərbaycanda məmur həbsləri başlayır
Son vaxtlar Azərbaycanda iri məmurlardan şikayətlər kəskin artmağa başlayıb. Xüsusilə qarşıdan parlament seçkilərinin gəldiyi bir vaxtda vəzifəli şəxslərin vətəndaşları hökumətdən narazı sala biləcək addımlarının azalmaq əvəzinə artdığı müşahidə olunur.
Ən absurd məqam isə ondan ibarətdir ki, təkcə son bir neçə ildə ölkə başçısının dəfələrlə məmurlara sərt xəbərdarlıqlar etməsinə baxmayaraq, vəzifəli şəxslər və onların yaxınlarının qanunsuzluqları ilə bağlı ümumi mənzərə dəyişmir. İstər dövlət orqanlarına, istərsə də, KİV-ə sadə vətəndaşlardan məmurların qanunsuz, özbaşına əməlləri barədə şikayət xarakterli müraciətlərinin daha da intensivləşdiyi göz önündədir.
İş o yerə çatıb ki, hətta hökumətyönümlü media və ekspertlər, millət vəkilləri də ayrı-ayrı hökumət qurumlarında - nazirlik və komitələrdən tutmuş icra hakimiyyətlərinədək, - fəaliyyət istiqamətinin düzgün qurulmaması, vətəndaşların incidilməsi, sahibkarlıq fəaliyyətinə müdaxilə, qiymətlərin süni artırılması, korrupsiya və rüşvətxorluq və s. bu kimi hallara dair açıq mətnlə, yetərincə uca səslə danışır və yazırlar.
Amma bu da ölkənin məmur korpusunun fəaliyyətində müsbətə doğru kəskin dönüş müşahidə etməyə imkan vermir. Nəticədə isə artıq qanunvericiliyin tələblərini pozan, vətəndaşların hüquqlarına etinasız yanaşan, onların problemlərinin həlli istiqamətində deyil, daha çox öz korporativ maraqlarının təmin olunması naminə çalışan vəzifəli şəxslərə qarşı daha güzəştsiz olmaq, daha sərt cəza tədbirlərinə əl atmaq ehtiyacı yaranıb.
Hesab olunur ki, məmurlar ən yüksək səviyyədə səsləndirilən xəbərdarlıqlara da əməl etmək istəmirlərsə, belədə onların qanunvericiliyə uyğun şəkildə cəzalandırılması vacibdir. İndiyədək bir çox məmur özlərinin və övladlarının ciddi “ÇP”ləri səbəbindən işlərini itiriblər. Ancaq bu da digər məmurlara görk olmur. Odur ki, daha sərt cəzalandırma üsulunun tətbiqi qaçılmaza çevrilib. Söhbət haqlarında danışılan məmurların həbs edilməsindən gedir. Bir halda ki, müəyyən vəzifəli şəxslərə sərvətlərini və işlərini itirmək təhlükəsi qanunsuz, özbaşına əməllərlə məşğul olmağa mane yaratmır, belədə onları cilovlamaq üçün azadlıqlarını itirmək riski ilə qarşı-qarşıya qala biləcəkləri ehtimalını işə salmaq qaçılmazdır.
Müşahidələr də onu deməyə əsas verir ki, ictimaiyyət və müstəqil ekspertlər qanunun sərhədlərini kobdud şəkildə pozan məmurlara qarşı daha ağır cəza tədbirlərinin görülməsini istəyirlər. Cəmiyyətdə belə bir ümumi rəy hakimdir ki, yalnız həbs edilmək qorxusu, azadlıqdan məhrum olunmaq xofu ölkə rəhbərliyinin xəbərdarlıqlarına, vətəndaşların narazılıqlarına, etirazlarına etinasız yanaşan məmurların özlərini yığışdırmasında effektiv rol oynaya bilər. Hökumətin yuxarı dairələrində də bu cür ortaq ictimai rəy barədə məlumatlıdırlar, ona görə də qarşıdakı dövrdə ölkədə bir neçə səs-küylü məmur həbsinin həyata keçirilməsi kifayət qədər yüksək ehtimaldır.
Hətta belə iddialar da var ki, xüsusilə parlament seçkilərinə az qalmış haqlarında çoxsaylı şikayətlər, eyni zamanda kompromat xarakterli məlumatlar olan vəzifəli şəxslərdən bəzilərinə qarşı analoji addımların atılmasına şahid ola bilərik. Bu həm vətəndaşlar arasında yüksək əhval-ruhiyyə yarada, seçkidə onların iqtidar namizədlərinə üstünlük verməsinə gətirib çıxara, həm də sosial-iqtisadi gərginliyin getdikcə artdığı bir şəraitdə məmurların ölkədə protest ovqatını gücləndirəcək əməllərdən əl çəkməsini sürətləndirə bilər.
Bir sözlə, isti yayın sonlarına doğru getsək də bir sıra vəzifəli şəxslər üçün istər payızın qızmar, istərsə də seçkisonrası qışın qaynar keçmə təhlükəsi kifayət qədər realdır. Bir halda ki, hansısa məmurlar bir yandan ölkə rəhbərliyinin sərt xəbərdarlıqlarına əməl etməkdə çətinlik çəkir, o biri yandan da özləri barədə ictimai rəydə formalaşmış mənfi imici dağıtmaq əvəzinə daha da gücləndirməkdə israr edirlər, o zaman onlara qarşı ən ağır cəza tədbirlərinə əl atmaqdan başqa çıxış yolu qalmır. Bu prosesin konkret nə vaxt start götürəcəyini söyləmək mümkün olmasa da, onun başlamasının qaçılmaz zərurətə çevrildiyi göz önündədir.\\unikal.org\\