Cavid Hüseynov psixoloji cəhətdən yaxşı deyil
21-08-2015, 15:37
Vəkili “Qəbələ”nin sabiq kapitanı Cavid Hüseynova baş çəkib. Bu haqda Modern.az saytına futbolçunun hüquqlarını müdafiə edən Adəm Məmmədov məlumat verib.
O deyib ki, müvəkkilinin ümumi vəziyyəti normaldır: “Səhhəti yaxşıdır. Saxlanma şəraitindən hər hansı narazılığı yoxdur. Amma psixoloji cəhətdən yaxşı deyil. Həbsxananın ona aid olmayan bir yer olduğunu deyir və bu ona ağır gəlir”.
Adəm Məmmədov Cavid Hüseynovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətin artıq hazır olduğunu bildirib: “Hər şey hazırdır. Sadəcə vəsatəti növbəti həftə Səbayel rayon Məhkəməsinə təqdim edəcəyik”.
Jurnalist Rasim Əliyev avqustun 8-də Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülüb.
O, avqustun 9-da xəstəxanada vəfat edib. Jurnalistin ölümünə görə Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döyülməsində iştirak edən digər 4 nəfər də həbs edilib.
İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.
Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır. Bakı Apelyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq oyunçusu Cavid Hüseynovun şikayəti üzrə keçirilən prosesdə onun vəsatəti təmin edilməyib.