Kəndə qayıdış niyə alınmadı - Türkiyə nümunəsi və biz...
9-02-2018, 11:12
Qardaş ölkədə şəhərdən kənddə qayıdanlar 300 baş qoyun alacaqlar; ekspert: “Əlavə stimullaşdırıcı tədbirlərə kəskin ehtiyac var”
Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi kəndlərdən şəhərə axının qarşısını almaq üçün maraqlı aksiyaya start verib. Belə ki, kənddən şəhərə gedən ailələr geri qayıtdıqları təqdirdə 300 baş qoyun alacaqlar.
Türkiyənin kənd təsərrüfatı naziri Əşrəf Fakıbaba bildirib ki, kəndlərinə qayıdan fermer ailələrə 300 baş damazlıq qoyun veriləcək, heyvanlara baxanlar isə minimum əmək haqqı ilə təmin olunacaq: “Hər bir ailəyə 300 damazlıq qoyun veriləcək. 300 ədəd qoyun alan şəxslər həmçinin minimum məvacib alacaqlar. Onların sığortası da ödəniləcək. Yem, dərman, baytarlıq ehtiyacı yaranarsa, bu da təmin olunacaq. Sadəcə, kənddə ərazisi olanların mülkiyyət sənədini ipoteka olaraq alacağıq. Fermerlərə 300 qoyun və 300 bala veriləcək. Bu balaların hamısı fermerə aid olacaq. Geri ödəniş 300 ədəd doğulacaq quzu ilə başlayacaq. Bu balalar bir neçə aydan sonra hər biri 700-800 lirəyə (313-358 AZN) satıla biləcək. Bu isə il ərzində 210 min lirə (94 min 101 AZN) edir. Bu, böyük maliyyədir. Fermer istəsə, bu balaları bizə sata və borcunu ödəmiş ola bilər” (Xəzər-xəbər).
Onu da qeyd edək ki, Azərbaycanda da əhalinin kəndlərdən şəhərlərə, xüsusilə də paytaxta böyük axını müşahidə olunur. Bu şəraitdə əhalinin kəndlərə dönüşünü təşviq etmək üçün dövlət tərəfindən Türkiyədəki kimi stimullaşdırıcı tədbirlərə əl atılması mümkündürmü? Suala cavab verən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanda kənd təsərrüfatının dirçəldilməsi başlıca prioritetlərdən biridir: “Azərbaycanda kənd təsərrüfatı istehsalının stimullaşdırılması qeyri-neft sektorunun inkişafı baxımından son dərəcə mühüm əhəmiyyətə malik məsələdir. Ölkə prezidenti də çıxışlarında dəfələrlə qeyd edib ki, qeyri-neft sektorunun iki əsas qolu var: biri sənayedir, digəri kənd təsərrüfatı. Bunlardan yalnız birini, tutualım, sənayeni inkişaf etdirməklə qeyri-neft sektorunun iqtisadiyyatdakı payını artırmaq mümkün deyil. Ona görə də kənd təsərrüfatı sənaye ilə bərabər səviyyədə tutulmalıdır. Kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunda əsas hədəf olmalıdır. Bu da əhalini aqrar sektora, burada məşğulluğa cəlb etməyi, kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafını genişləndirməyə nail olmağı tələb edir”.
Ekspert bildirir ki, Azərbaycanda uzun illərdir kənd təsərrüfatı istehsalı torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır: “Bundan əlavə, prioritet elan olunan bitkiləri əkənlərə dövlət tərəfindən subsidiya verilir. Bura aiddir taxıl, pambıq, şəkər çuğunduru və sair. 2004-cü ildən bəri regionların inkişafına 4,5 milyard manat sərf olunub. Daha 368 milyon manat prezident tərəfindən rayon və şəhərlərin inkişafına ayrılıb. Bu vəsaitlər hesabına yollar çəkilib, təmir olunub, qazlaşdırma, enerji təchizatı aparılıb, səhiyyə, təhsil müəssisələri tikilib və sair. Yəni yaşayış və fəaliyyət üçün zəruri infrastruktur yaradılıb. Lakin bunlar kifayət etmir. Bu gün əmək qabiliyyətli əhalinin 40 faizi bölgələrdə yaşayır. İşsizliyin ən yüksək olduğu ərazilər də məhz bölgələrimizdir. Ölkənin az qala bütün iqtisadi potensialı Bakı şəhərində cəmləşib, dövlət büdcəsinin 80-90 faizi Bakıda təmin olunur. Son illərə qədər ölkənin cəmi 6 şəhəri öz-özünü təmin edirdi, son 2 ildə onların sayı 30-dək artıb. Buna görə də regionlardan iş arxasınca şəhərə axın dünən də vardı, regionların sosial-iqtisadi inkişafı məqsədilə 3 dövlət proqramının icra olunmasına baxmayaraq, bu gün də müşahidə edilməkdədir. Ona görə də əhalini kənd təsərrüfatı istehsalına cəlb etmək üçün əlavə stimullaşdırıcı tədbirlərə ciddi ehtiyac var. Çox istəyərdim ki, bu tədbirlər xüsusi dövlət proqramı çərçivəsində həyata keçirilsin. Bu tədbirlər nədən ibarət ola bilər? İndiyədək həyata keçirilən tədbirlər öz yerində, onların yüksək əhəmiyyətini vurğulamaqla yanaşı, qeyd etmək istəyirəm ki, bunlar yetərli deyil. Türkiyədə, Avropada, İsraildə çox gözəl stimullaşdırıcı tədbirlər həyata keçirilir. Bu təcrübələrin dərindən öyrənilərək analiz edilməsi və ölkəmizdə də analoji tədbirlərin hazırlanıb həyata keçirilməsi çox vacibdir. Bunu gecikdirmək olmaz. Çünki ötən il ölkədə 14 faizə yaxın olan inflyasiyanın lokomotivini ərzaq məhsullarının bahalaşması təşkil edib. Ən çox idxal inflyasiya məhz ərzaq məhsulları vasitəsilə baş verir. Buna görə də biz daxili bazarı qorumaq, maliyyə sabitliyimizi təmin etmək, inflyasiyanın qarşısını almaq üçün kənd təsərrüfatı məhsullarının istehsalını artırmalıyıq. Bunun üçün də aqrar sektorda stimullaşdırma dövlət siyasəti şəklində hazırlanıb həyata keçirilməlidir. Bu siyasət həm də xaricdən xammal idxalının məhdudlaşdırılması ilə müşayiət olunmalıdır”.
P.Heydərovun fikrincə, stimullaşdırma tədbirləri ilə yanaşı, inhisarçılığın da qarşısı alınmalıdır: “Aqrar istehsalda inhisarlaşmanın qarşısı alınmalıdır. İmkanlı birinin camaatın torpaqlarını satın alıb təsərrüfat qurması digərlərinin işsiz qalaraq şəhərlərə üz tutması ilə nəticələnir. Belə hallara yol verilməməlidir”.
Dünya SAKİT,
“Yeni Müsavat”