Rusiyanın çöküş prosesi: Oliqarxlar Putinə qarşı

10-02-2018, 09:34           

Bugünkü Rusiya iqtisadiyyatı 2014-cü illə müqayisədə kifayət qədər itirilmiş və kiçilmiş iqtisadiyyatdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Ekspert ABŞ-ın yeni sanksiyalarının Rusiya iqtisadiyyatına, o cümlədən bu ölkənin maliyyə bazarlarına mənfi təsir etdiyini bildirib:

“Bu təsirlər hələ qarşıda da müşahidə olunacaq. Hətta hazırda Rusiyanın maliyyə bazarları bu sanksiyaları qiymətləndirmək istiqamətində dinamika nümayiş etdirirlər. Xüsusilə də Rusiya bazarlarından xarici kapitalın geri çəkilməsi müşahidə olunur, eyni zamanda, Rusiya aktivlərində olan xarici alışların həcmində azalmalar baş verib. Bu isə son nəticədə təbii ki, rezervlərə də müəyyən qədər təsir göstərir. Ümumiyyətlə, rezervlərin əriməsini birbaşa olaraq bu sanksiyalarla və bazarlardakı vəziyyətlə əlaqəndirmək doğru olmazdı. İlin əvvəli ilə əlaqədar olaraq Rusiyada müxtəlif növ öhdəliklərin yerinə yetirilməsi ilə bağlı əlavə tələb də dolaşır. Bu tələbin qarşılanması nəticəsində rezervlərin azalması müşahidə olunur”.

İqtisadçının sözlərinə görə, bütövlükdə bu dəyişən situasiyada Rusiya iqtisadiyyatı itirəcək:

“Əhatə dairəsinə baxsaq, yeni qəbul edilən sanksiyalar birbaşa Rusiya iqtisadiyyatının əsas aktyorlarına və subyektlərinə, Putin ətrafında cəmləşən oliqarxlara, Rusiya siyasətinin əsas aparıcı fiqurlarına yönəlib. Bu da son nəticədə həm psixoloji gərginliyin yaranmasına, hətta bəzi hallarda oliqarxların aparılan siyasətdən narazılığına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, bugünkü Rusiya iqtisadiyyatı ilə 2014-cü ilin Rusiya iqtisadiyyatı eyni səviyyədə götürülə bilməz. Bu gün Rusiya iqtisadiyyatı 2014-cü illə müqayisədə kifayət qədər itirilmiş və kiçilmiş iqtisadiyyatdır. Belə bir şəraitdə iqtisadi itkilər 2014-cü ilin xüsusilə II yarısı və 2015-ci il ərzində müşahidə edilən itkilərlə müqayisədə nisbətən zəif olacaq. Ancaq sonrakı dövrlərdə sanksiyalarla yanaşı, Rusiya iqtisadiyyatında neftin qiymətinin hazırkı istiqamətdə dinamika nümayiş etdirməsi də əhəmiyyətli məqamlardan biridir. Neftin qiymətinin hazırkı azalan dinamikası və sanksiya gözləntiləri ilə birlikdə, Rusiya iqtisadiyyatını, o cümlədən maliyyə bazarlarını 2018-ci ildə gərgin dönəm gözləyir”.

Qeyd edək ki, Rusiyanın beynəlxalq valyuta ehtiyalarının həcmi yanvarın 26-dan fevralın 2-nə qədər 3 milyard dollar azalıb.

Rusiya Mərkəzi Bankı hazırda beynəlxalq valyuta ehtiyatlarının həcminin 449,8 milyard dollar olduğunu açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.