“Azərbaycanda İlahiyyat İnstitutu söhbəti və ya İlham Əliyevdən Diyanət Vəqfinə gözlənilməz qol!

10-02-2018, 20:06           

teref.az yazır ki,İlahiyyatçı-araşdırmaçı Zaur Şüküroğlu Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında imzaladığı sərəncamla bağlı bir yazı paylaşıb. Önəmli fikirlər səsləndirdiyini düşündüyümüz Z. Şüküroğlunun həmin yazısını dərc etməyi məqsədə uyğun hesab etdik və olduğu kimi təqdim edirik:

“Azərbaycanda İlahiyyat İnstitutu söhbəti və ya İlham Əliyevdən Diyanət Vəqfinə gözlənilməz qol!

Dünən mətbuatda yayılan bir xəbərə görə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradacaq. Bunun üçün Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə iki ay müddətində Azərbaycan İlahiyyat İnstitutunun nizamnaməsini Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Sözü gedən sərəncamdan elə başa düşmək olar ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi nəhayət Türkiyə Diyanət Vəqfinin (TDV) əlindən alınır. Ancaq unutmayaq ki, bu sərəncamla adı çəkilən fakültənin nəqlinin nəzərdə tutulduğu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də TDV-nin adamları kifayət qədərdir. Bu səbəblə sözü gedən sərəncamın əsas məqsəd və mahiyyətini görə bilmək üçün ən az önümüzdəki iki ayın keçməsini gözləməliyik.

Maraqlıdır ki, Azərbaycan prezidentinin bu sərəncamı mətbuatda yayıldığı andan bir neçə saat əvvəl futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində Azərbaycana gətirilən çempionatın kubokunun əsli İlham Əliyevə təqdim edilirdi. Yəni həmin sərəncamı bir növ İlham Əliyevin Diyanət Vəqfinə və bu qurumun baş ağası Tayyar Altıkulaça gözlənilməz qolu hesab etmək olar. Ancaq bu qolun nə dərəcədə möhtəşəm bir qol olub-olmadığını, hətta –Allah qorusun- əslində [İlham Əliyevin müdafiəmizdən çıxartdığı topun istiqamətini oyun satan oyunçulardan birinin dəyişdirməsi nəticəsində] öz qapımıza vurulmuş qol olub-olmadığını da önümüzdəki aylar göstərəcək. Bunun üçün xüsusilə önümüzdəki ilk iki ayın keçməsini gözləyəcik və bu məsələyə dair əsas fikirlərimiz o zaman formalaşacaq…”
Zaur Şüküroğlu
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.