“Dünənki təxribatların arxasında ATƏT-in Minsk qrupu dayanır” – Üzeyir Cəfərov
24-08-2015, 17:18
Avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar. Nəticədə cəbhə xəttində düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Bu barədə Hafta.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Bəs son günlər cəbhə xəttində baş verənlər nədən xəbər verir? ATƏT-in monitorinqçilərinin bölgəyə səfəri öncəsi düşmən təxribatlarının pərdəarxasında nə dayanır? Erməniləri qızışdırıb yenidən Azərbaycanın üstünə təxribat törətməyə təhrik edən üçüncü qüvvə varmı?
Dünən axşam saatlarında cəbhənin Ağdam və Xocavənd istiqamətində baş verənləri Hafta.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, cəbhədə baş verənlər ermənilərlə yanaşı onların havadarlarının, işğalçıları idarə edənlərin Azərbaycana qarşı birbaşa təxribatıdır:
“Bu amili qətiyyən diqqətdən qaçırmaq olmaz. Ermənistan çox gözəl bilir ki, Azərbaycan çox qısa bir zamanda onlara sarsıdıcı zərbələr vurmağa qadirdir. Onlar bizim hansı gücə malik olduğumuzu yaxşı dərk edirlər. Son zamalar düşmənin təlaş keçirməsi, əl – ayağa düşməsi onların çox narahat olmalarından xəbər verir. Hazırki durumda konkret olaraq Rusiya dad aha çox narahatdır. Uzağa getmək lazım deyil, ötən həftə Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyoja ilə görüşdü. Qısa bir müddətdən sonra da belə bir təxribat baş verdi. Rusiya onlara havadarlıq edir və bunun nəticəsində də ermənilər işğalçılıq siyasətini davam etdirirlər. Amma Rusiya bu təxribatlardan sonra nə vicdan əzabı, nə də maddi itki görmür. Zərbə isə Ermənistanın ağılsız rəhbərliyinin apardığı siyasət nəticəsində ön xətdəki erməni övladlarına dəyir”.
Ehtiyatda olan zabitin sözlərinə görə ermənilərin dünənki atışmalarda daha çox itki veridiyini ehtimal etmək olar:
“Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, düşmənin təxribatlarına ikiqat artıq zərbə ilə cavab veriləcək. Bu dəfə onlar minatanlardan istifadə etdiyinə görə, Azərbaycanın hərbi rəhbərliyi də onları ən sərt şəkildə cəzalandırdı. Bizim əsgərlərimiz də erməni təxribatının qarşısını alaraq verilən tapşırığı çox uğurla yerinə yetiriblər. Bizdə olan məlumata görə düşmən 5 nəfər itki verib. Onlar tərəfdən 8 nəfər isə yaralanıb. Əslinə qalsa yaralananların da, həlak olanların da sayı çoxdur. Müdafiə Nazirliyi isə radioelektron məlumatlar əsasında bu qədər itki olduğunu bildirir. Çünki onlar məlumatları bir – birlərinə ötürəndə ölü və yaralı sayını dəqiq deməyiblər. Dəqiq say bu gün və ya sabah erməni mətbuatında öz əksini tapacaq. Ermənistan bu dəfə daha sarsıdıcı zərbə alıb. Çünki Azərbaycan Müdafiə Nazirliyi düşmənin avtomat silahlarına avtomat və pulemyotlardan, minatanlardan atdıqları atəşə cavab olaraq minaatan və artilleriyadan cavab atəşi açmaq göstərişi verib. Ermənistan nə qədər ağılsız siyasət yürüdəcəksə itkiləri də bir o qədər çox olacaq”.
Üzeyir Cəfərovun sözlərinə görə dünənki təxribatların arxasında ATƏT-in Minsk qrupu dayanır:
“Bizim əsgərlər öz torpağı, namusu uğrunda yaralanır, şəhid olur. Erməni əsgər anaları isə bird aha Serj Sarkisyanın və müdafiə nazirlərinin yaxasından yapışacaqlar. Ermənilərin özlərinin cəsarəti çatmaz ki, Azərbaycan əsgərinə qarşı həmlələr həyata keçirsinlər. Açıq demək lazımdır ki, erməniləin havadarları prezidentlərin sentyabrda baş tutması gözlənilən Nyu – York görüşünə mövzu hazırlayırlar. Onlar İlham Əliyevlə Serj Sarkisyanın görüşünü təşkil etməklə hər hansı bir iş gördüklərinin görüntüsünü yaratmaq istəyirlər. Burada ATƏT-in Minsk qrupunun təxribatı açıq şəkildə görünür. Bunu çəkinmədən deməliyik. İndiyə kimi hansı hadisə olubsa ermənilər vassal kimi başqalarının aləti kimi təqdim olunub. Onlar da bundan ustalıqla istifadə ediblər”.