Dünyada ən çox ixrac olunan malların siyahısı açıqlanıb
24-03-2018, 19:38
Dünya İqtisadiyyat Forumu (World Economic Forum) dollar ekvivalentində ən çox ixrac edilən malların siyahısını və onların qlobal ixracda xüsusi çəkisini göstərən hesabat hazırlayıb.
“Report” xəbər verir ki, 2016-cı ilin yekununa görə, dünyada ən çox ixrac edilən mal (1,35 trln. dollarlıq) avtomobillər olub. Avrtomobil ixracının qlobal ixrac həcmində xüsusi çəkisi 4,9% təşkil edib.
İkinci sırada 825 mlrd. dollarla təmizlənmiş neft (3%), üçüncü sırada isə 804 mlrd. dollar (2,9%) həcmlə mikroçiplər yer alıb.
Avtomobil ehtiyat hissələri 685 mlrd. və ya 2,5% xüsusi çəkiyə sahib olmaqla qlobal ixracda 4-cü sırada qərarlaşıb. Kompüterlər isə 614 mlrd. dollar və ya 2,2% paya sahibdir.
Farmasevtik mallar 613 mlrd. dollar (2,2%), qızıl 576 mlrd. dollar (2,1%), xam neft 549 mlrd. (2%), mobil telefonlar 510 mlrd. (1,8%), yayım təchizatı 395 mlrd. (1,4%), brilliant 255 mlrd. (0,9%), qaz 254 mlrd. (0,9%), insan və heyvan qanı 252 mlrd. (0,9%), təyyarə 234 mlrd. (0,9%), yük avtomobilləri 216 mlrd. (0,8%), tibbi alətlər 216 mlrd. (0,8%), insulin 200 mlrd. (0,7%) və zinət əşyaları 198 mlrd. (0,7%) ixrac həcminə sahibdir.
Hesabatda qeyd olunub ki, ABŞ avtomobil və təmizlənmiş neft başda olmaqla 18 əsas maldan 12-nin ən iri idxalçısıdır. Çox maraqlıdır ki, ABŞ həmçinin təmizlənmiş neft və tibbi alətlərin əsas ixracçılarındandır.
Almaniya avtomobil, onların ehtiyat hissələri və farmasevtik mallarının əsas ixracaçılarındandır. İsveçrə isə qızılı ixrac və idxal edən ölkələr arasında ilk sırada qərarlaşıb. Çin, 18 əsas sadalanan maldan 5-nin əsas ixracçısıdır. Bunlar, yayım təchizatı, mobil telefon, insulin, zinət əşyalarıdır. Bu ölkə xam neft, mikroçiplər və təyyarələrin əsas idxalçısıdır.