Rusiya-Qərb qarşıdurması: diplomatiya, yoxsa kəşfiyyat savaşı... - TƏHLİL

31-03-2018, 12:25           
Rusiya-Qərb qarşıdurması: diplomatiya, yoxsa kəşfiyyat savaşı... - TƏHLİL
Rusiya ilə Qərb ölkələri arasında qarşıdurma son 20 gündə Skripal olayına görə daha da kəskinləşib. Rus diplomatlarının bir sıra ölkələrdən qovulması, bəzi dövlətlərin yayda Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını boykot çağırışları vəziyyətin kritikliyinə dəlalət edir. Bəzi ekspertlərə görə, əslində Rusiya və Qərb dövlətlərinin xüsusi xidmət orqanları arasında savaş gedir və bu cür savaşların təhlükəli nəticələri ola bilər.

Təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova bildirdi ki, kəşfiyyatların müharibəsi gözəgörünməz olduğu üçün yalnız onların görünən, təzahür edən nəticələri barədə fikir söyləmək olar: “Bu müharibə arasıkəsilməz, sonsuz olduğu üçün hələ ki, kimin qalib, kimin məğlub olduğunu demək çətindir. Kəşfiyyatın məqsədi əslində ali dövlət rəhbərliyinin beynəlxalq siyasətdəki fəaliyyətinə kömək etmək üçün onu lazımi məlumatlarla təmin etməkdir. Lakin belə görünür ki, bəzən kəşfiyyat xaricdə fəal tədbir deyilən əməliyyat - yəni kiminsə həyatına sui-qəsd, hansısa ölkədə dövlət çevrilişi cəhdi və s. həyata keçirməklə əksinə, dövlətin beynəlxalq nüfuzuna xələl gətirə, onun digər dövlətlərlə münasibətlərini pisləşdirə bilər. Hazırda Rusiya-İngiltərə kəşfiyyat müharibəsinin nəticələri Rusiya-Avropa diplomatiya müharibəsinə səbəb olub. Açığı, istintaqın nəticəsi başa çatmamış heç bir ölkənin o cümlədən Rusiyanın bu zəhərlənmədə ittiham olunmasının tərəfdarı deyiləm. Əgər Rusiya Skripalı satqınlığına görə cəzalandırmaq istəsəydi, onu həbsxanada ikən aradan götürə bilməzdimi? Doğrudur, Rusiya və ümumiyyətlə, dünya xüsusi xidmətlərində belə bir yazılmamış qanunlar var ki, satqınlar aradan götürülməlidir. Müşahidələr göstərir ki, Putinin şəxsi düşmənləri daha çox cəzalandırılır, nəinki Rusiyanın düşmənləri. Məsələn, İngiltərədə mühacir çeçen hökuməti də fəaliyyət göstərir. Bəs onlar niyə öldürülmür? İnsident niyə məhz Rusiyada seçkiqabağı dövrdə baş verdi? Sanki uzun müddət buna hazırlıq getmişdi. Düşünürəm, ki, burada üçüncü ölkənin rolu istisna olunmur. Əgər bir xəyanətkar şəxsin aradan götürülməsi dövlətə bu qədər problem, beynəlxalq gərginlik yaradırsa, onun diplomatları bir neçə ölkədən çıxarılırsa, sanksiyalarla hədələnirsə, milyardlarla dollar ziyan gətirirsə, o zaman bu sui-qəsdi edən ölkəni heç cür qalib saymaq olmaz”.

Ekspert qarşıdurmanı Qərb və Rusiya arasında gedən resurslar və geosiyasi nüfuz uğurunda savaşın bir mərhələsi sayır: “Bu, həm də Putinin yeni prezidentlik müddətinin başlanğıcına təsadüf edilməklə onun qarşıdakı illərdə təzyiqlərlə üzləşəcəyindən xəbər verir. Ümumiyyətlə, hər bir savaşın taleyini siyasətçilər, diplomatlar həll etmiş kimi görünsə də, dövlətlər öz sərəncamlarındakı güclü kəşfiyyat, hərbi qüvvələrin sayəsində qalib ola bilərlər. Diplomatlar sadəcə, aysberqin görünən tərəfidir, mübarizənin taleyini isə ilk növbədə kəşfiyyat həll edir. Hətta bir kəşfiyyatçı elə vacib bir məlumat əldə edə bilər ki, bir ordunun gördüyü işə bərabər olsun. Qərb xüsusi xidmət orqanları KQB-nin onilliklər ərzində kəşfiyyat savaşında həyata keçirdiyi yüzlərlə əməliyyatı hələ də unutmayıb. Çünki peşəkar kəşfiyyatçı hər zaman bir ordudan daha böyük iş görür və bunun sayəsində Rusiya bu gün Qərb qarşısında geri çəkilmir. Putin dövlət başçısı kimi əlbəttə öz ölkəsinin xüsusi xidmət orqanlarının gücünü bilir və bundan məharətlə istifadə edir. Özü də uzun müddət kəşfiyyatçı olub, və bu, həm də onun siyasi davranışlarına təsir edib. Putin ölkəni çekist düşüncəsi ilə idarə edir. Biz son hadisələrdə də gördük ki, bir sıra məsələlərdə o cümlədən Suriya məsələsində Rusiyanın hərbi, diplomatik uğurları məhz kəşfiyyat sayəsində mümkün olub. Rusiyanın Suriyadakı hərbi kontingenti VKS, yəni Hərbi-Kosmik Qüvvələr adlanırdı. Çünki hərbi qüvvələrdən başqa, Rusiya orada hərbi-kosmik kəşfiyyat aparırdı. Bu da, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin səlahiyyətində olan məsələdir. Baş Kəşfiyyat İdarəsi Rusiya xüsusi xidmət orqanları arasında kosmik kəşfiyyat aparmaq imkanları olan tək təşkilatdır.

Onlar ABŞ, koalisiya qüvvələri, silahlı müxalifət, Türkiyə, İran, Hizbullah, İŞİD və digər terror dəstələrinin hərəkət trayektoriyasını dəqiq çəkiliş edib, dəqiq məlumat əldə edirdilər. Dəfələrlə həm Putin, həm də Lavrov, Şoyqu, Gerasimov ABŞ-ın İŞİD-i dəstləkləməsini, onun təxliyyəsinə kömək etməsini, silah dolu maşınların həm İSİD-ə, həm də YPG/PYD/PKK-ya kömək göndərdiyini məhz Baş Kəşfiyyat İdarəsinin kosmik çəkilişlərini fakt kimi göstərməklə sübut ediblər və bu, onun diplomatik qələbəsini də şərtləndirib. Düşünürəm ki, Rusiya kəşfiyyatı bu məsələdə Türkiyəni də müttəfiqi kimi məlumatlandırıb. Rusiya nüvə dövləti olmaqla bərabər həm də güclü kəşfiyyatı olan ölkədir və üstəlik, zəngin enerji resursları, intellektual insan resursları onu güclü edir və bu səbəbdən o, Qərb qarşında geri çəkilmək fikrində deyil. Doğrudur, İngiltərə kəşfiyyatını da ruslardan geri saymaq olmaz. Üstəlik, onun dəniz dövləti olması, dünyaya su yolu ilə rahat çıxışını təmin edib və bu, onun bütün dünyadan məlumat əldə etmək imkanlarını genişləndirib. İngiltərənin hər qitədə müstəmləkələri olub və bu gün də Mİ-5, Mİ-6 onlarla sıx əməkdaşlıq edir. Rusiya isə daha çox özünə sərhəd ərazilərdə müstəmləkələr zəbt edib və bu, onu ingilis kəşfiyyatından zəif edir. Buna görə də iki güclü, nəhəng ölkənin kəşfiyyat savaşı irəlidə davam edəcək və bu, dünya siyasətinə böyük təsir göstərəcək”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.