Sabah bu şəxs Azərbaycanın baş naziri təyin ediləcək – İDDİA

21-04-2018, 00:00           

Sabah Milli Məclisin plenar iclası keçiriləcək. Bu barədə parlamentin mətbuat xidmətindən bildirilib.

“Report”un əldə etdiyi məlumata görə, iclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir.

Hakimiyyət dəhlizlərindən GunAz.org-a daxil olan məlumata görə, Milli Məclisin plenar iclasında Artur Rasizadə yenidən baş nazir kimi təsdiqlənəcək. Məlumatda iddia edilir ki, Prezident Administrasiyasından Milli Məclisə göndərilən təqdimatda Artur Rasizadənin adi göstərilib.

Aprelin 11-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % səs toplayaraq qalib gəlib. Aprelin 18-də İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində and içərək vəzifəsinin icrasına başlayıb. Andiçmə bitəndən sonra Azərbaycan Nazirlər Kabineti istefaya gedib. Prezident İlham Əliyevin aprelin 18-də imzaladığı sərəncamla Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

Qeyd edək ki, zaman-zaman baş nazir postuna vergilər naziri Mikayıl Cabbarovun, ədliyyə naziri Fikrət Məmmədovun, maliyyə naziri Samir Şərifovun, baş nazirin birinci müavini Yaqub Eyyubovun, baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icraçı direktoru Əli Əhmədovun, Standartlaşma və Patent Agentliyinin rəhbəri Ramiz Həsənovun, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, hətta spiker Oqtay Əsədovun da təyin olunacağı ilə bağlı məlumatlar yayılıb. Amma siyasi hakimiyyət hər dəfə höküməti Artur Rasizadəyə etibar edib.

Növbədənkənar prezident seçkilərindən sonra hakimiyyətin Artur Rasizadə ilə vidalaşacağı və baş nazir postuna yeni bir şəxsin gətiriləcəyi ehtimal olunurdu. Görünür siyasi hakimiyyət hələ də Artur Rasizadə ilə yola davam etdirməyi lazım bilib.

Artur Rəsizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub.

İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ “AzİNMAŞ”-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.

1973-1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975-1977-ci illərdə “İttifaqneftmaş” ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə “AzİNMAŞ” Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur.

1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.

1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust – noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləmişdir.

2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.

Artur Rasi-zadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.