Fəzail Ağamalı: “Andiçmə mərasimi çox vəsait tələb etməyən, çox sadə formada keçirildi”

21-04-2018, 10:10           
Fəzail Ağamalı: “Andiçmə mərasimi çox vəsait tələb etməyən, çox sadə formada keçirildi”
Prezidentin andiçmə mərasimindən çıxarılan nəticələr

Aprelin 18-də Azərbaycan prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasiminə Bakıdakı xarici ölkə səfirliklərinin, xarici ölkələrin dövlət və hökumət başçılarının dəvət olunmamasını bəzi müxalifət qüvvələri “diplomatik məğlubiyyət” kimi qələmə verməyə çalışırlar. Onlar iddia edir ki, diplomatik korpusun andiçmə mərasimində olmaması seçkinin nəticələrinə göstərilən münasibətdir.

Deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a şərhində bildirib ki, bu cür iddialar xəstə düşüncələrdən irəli gəlir. Yüksək siyasi mədəniyyətlə, şəffaf demokratik keçən prezident seçkilərinə başqa bir arqument tapa bilmədiklərindən yenə də heç bir əsası olmayan fikirlərlə ölkə prezidentinin qələbəsinə kölgə salmağa çalışırlar. Bütün bu cəhdlər mənasızdır, düşüncəsizlikdir və Azərbaycan dövlətçiliyinə xidmət deyil: “Bu yanaşma ermənilərin, anti-Azərbaycan qüvvələrin yanaşması ilə eynidir, üst-üstə düşür. Bəlli olur ki, məhz bu antimilli qüvvələr Azərbaycana qarşı fəaliyyət göstərən xarici qüvvələrin içərisində yer alıblar.

Bunu doğrudanmı bilmək çox çətin məsələdir ki, hər bir ölkə özünün istər parlament seçkilərinin, istər prezident seçkilərinin nəticələrini hansı səviyyədə, hansı şəkildə yekunlaşdırmaq hər bir ölkənin müstəsna səlahiyyətləridir. Bu müstəsna səlahiyyətlərin içərisində əlbəttə dünyanın təcrübəsi də nəzərə alınır, inkişaf etmiş ölkələrin tətbiq etdiyi bu və ya digər yanaşmalar nəzərə alınır.

Azərbaycan prezidentinin andiçmə mərasimi birbaşa cənab prezidentin özünün şəxsi yanaşması əsasında protokol xidmətinin həyata keçirmiş olduğu mühüm bir tədbirdir. Azərbaycan prezidentinin andiçmə mərasiminə çoxsaylı səfirlikləri, diplomatik nümayəndələri, xarici ölkələrin rəhbərlərini də dəvət etmək olardı. Onların dəvət olunmasında və onların iştirakında da hər hansı bir problem olmazdı. Necə ki, Avropa İttifaqının prezidentindən tutmuş onun yüksək səviyyəli məmurlarına qədər, Avropa Şurasının rəhbəri, çoxsaylı dövlətlərin başçıları, çoxsaylı müşahidə missiyaları seçkilərə müsbət rəy veriblər və cənab İlham Əliyevi təbrik ediblər. Sadəcə olaraq, Azərbaycan prezidenti andiçmə mərasiminin sadə şəkildə keçirilməsini məqsədəuyğun hesab edib. 2013-cü ildə tətbiq olunan andiçmə mərasimi bu il də çox düzgün olaraq təkrarlandı. Andiçmə mərasimi çox vəsait tələb etməyən, çox sadə formada keçirildi. Bu da ölkə prezidentinin söykənmiş olduğu dəyərlərlə bağlıdır".

Deputat onu da dedi ki, eyni zamanda cənab prezident bu andiçmə mərasimindən sonra bir sıra yeni elementləri də gündəliyə gətirdi. Hər bir azərbaycanlının ürəyindən olan bir yenilik idi. Ölkə prezidenti ailəsi ilə bərabər ulu öndərin məzarını, Şəhidlər Xiyabanını ziyarət etməsi, Bayraq meydanına getməsi orada Azərbaycanın Dövlət himninin səslənməsi və bu zaman yaylım atəşinin açılması yeni elementləridir: “İndi əgər Əli Kərimli və onun kimi düşünənlər bu xoş əhval-ruhiyyədən kənardadırlarsa, onlar ən müxtəlif bəhanələrlə prezident seçkilərinə kölgə salmağa çalışırlarsa bu, artıq onların anti-vətəndaşlıq mövqeyidir. Sözləri, arqumentləri qalmadığından sadə şəkildə keçirilən andiçmə mərasimindən məntiqsizcəsinə yararlanmaq istəyirlər. Əsas məsələ Azərbaycan xalqının qiymətləndirməsidir ki, xalqın 95 faizindən çoxu məhz bu cür keçirilən andiçmə mərasimini yüksək qiymətləndirdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.