Mütəxəssis deyir ki, sistemə kənar müdaxilə mümkün deyil

8-08-2018, 08:54           
Mütəxəssis deyir ki, sistemə kənar müdaxilə mümkün deyil
Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli mənzil satışı sistemində ciddi təkmilləşmələr aparılıb. Bu günlərdə görülən işlərin ictimaiyyətə təqdimatı həyata keçirilib.

Təqdimat Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tərəfindən təşkil olunub. Tədbirdə ASAN-la yanaşı Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri, həmçinin ASAN yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvləri iştirak ediblər.

MİDA-nın yaydığı məlumata görə, “Güzəştli mənzil” sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan görüşdə sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətinin təmin edildiyi və mənzillərin seçimi zamanı bərabər şəraitin yaradıldığı, şəffaflığın və operativliyin təmin edildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada bu resursun ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Ceyhun Salmanov bildirib ki, “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə mənzillərin seçimi zamanı yaranmış nasazlıqların aradan qaldırılması məqsədilə sistemin fəaliyyətinin təmin edilməsində iştirak edən qurumların nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb və fəaliyyəti Dövlət Agentliyi tərəfindən koordinasiya edilib. Eyni zamanda “Elektron hökumət” portalı tərəfdən müraciətlər üzrə yüklülüyün paylanması üzrə tədbirlər görülüb, durma-dayanma hallarının aradan qaldırılması üçün resurslar artırılıb. İştirakçı tərəflərlə birlikdə müxtəlif xarakterli testlər keçirilərək mümkün problemlər müəyyənləşdirilib aradan qaldırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Elşad Məmmədov isə bildirib ki, istifadəçilərin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə sistemin DEMO versiyası hazırlanıb.

İctimai Şuranın koordinatoru Osman Gündüzün “Yeni Müsavat”a verdiyi məlumata görə, güzəştli mənzil sistemi ilə bağlı təqdimat ictimaiyyət nümayəndələrini razı salıb: “Bizə verilən məlumatdan aydın oldu ki, sistem tamamən yenilənib, təkmilləşmələr aparılıb. Güzəştli mənzil əldə etmək istəyənlər üçün hərtərəfli informasiya bazası yaradılıb. Bizi daha çox interaktiv tərəfləri maraqlandırırdı və prosesi addım-addım izlədik. Biz orada xeyli təkliflər verdik, bildiyiniz kimi, elektron satışın başlaması üçün bir aylıq müddət var. İnanıram ki, bu müddət ərzində bizim təkliflərimiz nəzərə alınacaq. Hər halda, müavfiq qurumların nümayəndələri onların qəbul ediləcəyini bildirdilər”.

O.Gündüz bildirir ki, təklifləri vətəndaşların məlumatlandırılması, sistemin dayanıqlığı, daha ədalətli seçim şəraitinin yaradılması və sair məsələlərlə bağlı olub: “İndinin özündə də demək olmaz ki, sistem tam təkmil bir sistemdir. Məsələn, dağ rayonunda yaşayıb güzəştli mənzil əldə etmək istəyənlə Bakıda eyni arzuda olan şəxs üçün bərabər şəraitin yaradıldığını söyləmək olmaz. Yəni dağda olan şəxslə, tutalım, ”Yeni Müsavat"ın redaksiyasında oturan şəxsin internet imkanları eyni deyil. İkincinin interneti daha güclüdür, texniki bilikləri daha genişdir və sair. İmkanları zəif olanlar üçün alternativ seçim imkanı yaradılmalıdır. Düzdür, seçimin online olması artıq təsbit olunub, lakin biz təklif etdik ki, heç olmasa elektron alış etmək üçün hansı texnoloji şərtlərin ödənməsinin gərəkdiyi əvvəlcədən açıqlansın: kompüter hansı gücdə olmalıdır, internet nə qədər olmalıdır və sair".

Mütəxəssisin fikrincə, MİDA bu dəfə prosesin uğurla başa çatmasında çox maraqlıdır. Sistemə müdaxilə, nəticələrə təsir imkanları varmı?

O.Gündüz bunu real saymır: “Sistemlə bağlı proseslərə beynəlxalq audit şirkətlərinin də rəyi alınıb. Bu, dövlət resursudur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti kimi qurumlar bu işə hərtərəfli dəstək verirlər. Bir neçə dəfə sınaq da edilib: hansı sayda müraciət olanda nə dəyişikliklər bas verir və sair. Bilirsiniz, Azərbaycanın elektron hökumət quruculuğunda əsas problem müxtəlif qurumlar arasındakı koordinasiyasızlıqdır. Güzəştli mənzil satışı ilə bağlı əvvəlki uğursuzluğun da kökündə bəlkə də bu koordinasiyasızlıq dayanırdı: MİDA, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti ayrılıqda sınaqlar keçirmişdilər, amma bunu birlikdə etməmişdilər. Sevindirici haldır ki, bu dəfə güzəştli mənzil sistemilə bağlı effektiv koordinasiyaya nail olunub. Proses vahid mərkəzdən idarə olunur, hamı birlikdə çalışır. Buna da ASAN nail ola bilib. Hesab edirəm ki, elektron hökumətin qurulması sahəsində belə koordinasiyanın vacib olduğu nöqtələr çoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.