Ətraf dövlətlərdə maliyyə böhranı manata təzyiqləri artırır

8-08-2018, 10:18           
Ətraf dövlətlərdə maliyyə böhranı manata təzyiqləri artırır
Vüqar Bayramov: “Məzənnə Mərkəzi Bankın siyasətindən asılı olacaq”
Azərbaycanın qeyri-neft ticarətində əsas tərəfdaşları olan üç ölkədə ciddi iqtisadi təlatümlər baş verir. ABŞ sanksiyaları üzündən Rusiya iqtisadiyyatı çalxalanır. Eyni zamanda İranda iqtisadiyyat böyük böhrana girməkdədir. Ölkədə çox ciddi dollar qıtlığı yaşanır, yerli pul sürətlə ucuzlaşır. Bundan əlavə, Türkiyə lirəsinin rekord düşüşü davam edir. Artıq 1 dollar 5,3 lirə ətrafındadır, avro isə 6 lirəni keçib.

Üç böyük ticarət tərəfdaşımızda baş verən proseslər Azərbaycan iqtisadiyyatına, milli valyutanın məzənnəsinə hansı təhlükələri yaradır? Hökumət, konkret olaraqsa Mərkəzi Bank manatın məzənnəsinə təzyiqləri azaltmaq üçün hansı addımları ata bilər?

Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, lirənin ucuzlaşması Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsi fonunda Ağ Evin rəsmi Ankaranın 2 təmsilçisinə sanksiya tətbiq etməsi və bu siyahının genişlənməsi riski ilə bağlıdır: “Təbii ki, beynəlxalq maliyyə qurumlarının Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarının çox da nikbin olmaması da lirəyə təzyiqi artırır. Qardaş ölkədən valyuta axını da müşahidə edilməkdədir. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı üzrə makroiqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələrin gözləntiləri doğrultmaması kontekstində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır”.

Qonşu ölkələrdəki valyuta krizisi fonunda manatın məzənnəsi necə dəyişəcək? V.Bayramovun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb: “İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22 faiz artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə Azərbaycanda 2018-ci ildə dollara tələbin artmasından xəbər verir. İdxalın artması fonunda bu ay da dollara tələbin yüksək olacağı gözlənilir.

Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərisində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faiz paya malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımdan çox vacibdir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da, qeyri-neft ixracatı baxımdan yeganə faktor deyil. Yəni Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rublla müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir. Lakin əgər lirə daha kəskin ucuzlaşarsa, o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir".

Ekspertə görə, növbəti aylardan dekabrda dollara tələbin artacağı gözlənilir: “Bu, özəl və dövlət müəssisələrinin xarici borc öhdəliklərini yerinə yetirməsi, idxalın artması və səfərlərin çoxalması kimi faktorlarla bağlıdır. Amma yenə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın siyasətindən asılı olacaq. Neftin mövcud qiymətini məqbul hesab edən Mərkəzi Bank valyuta bazarında dominantlığını qoruyub saxlayır. Bununla belə, bütün bunlara və eləcə də elə baş bankın özündən gələn açıqlamalara baxmayaraq, Mərkəzi Bank tam üzən məzənnə rejiminə keçməyə heç də tələsmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.