İlham Əliyev: Bədxahlar gəlsinlər, öz gözləri ilə görsünlər

24-09-2015, 12:46           

Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan multikulturalizm diyarıdır və Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik olmayıb və olmayacaqdır.

“Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır.

Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir. Mən bir daha demək istəyirəm ki, biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür.

Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir”, - prezident İlham Əliyev bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.