Ağ Evdəki donosçu – anonim yetkili Trampı “demokratiya qənimi” adlandırıb
11-09-2018, 08:23
ABŞ prezidenti isə anonim məqaləyə yer verən qəzetin təhlükəsizlik baxımından həmin şəxsin adını açıqlamalı olduğunu iddia edir
Ağ Evdə vəzifəli bir şəxs “New-York Times” qəzeti üçün kimliyini açıqlamadan bir məqalə qələmə alıb. Sözügedən məqalədə ABŞ prezidenti Donald Trampa qarşı rəhbərlik içində baş qaldıran dirəniş barədə detallar var. Hökumət yetkilisi “Tramp rəhbərliyi içindəki dirənişin parçasıyam” başlıqlı mövqe yazısında aşağıdakıları yazıb:
“Tramp gedənə və ya vəzifədən çıxarılana qədər gündəmini və ölkə üçün pis nəticələr doğura biləcək hərəkətlərini səssizcə əngəlləmək üçün çalışırıq”. Məqaləni yazan yetkilinin adı açıqlanmasa da, respublikaçılardan və rəhbərlik içindəki “dirənişçi qrupdan” olduğunu bu sözlərlə ifadə edir: “Bilirəm, çünki mən də onlardan biriyəm. Daha açıq olmaq lazımdırsa, bizimki soldan çıxan bir dirəniş deyil. Biz rəhbərliyin daha böyük uğur qazanmasını istəyirik. Tramp bir respublikaçı olaraq seçilmiş olsa da, prezident mühafizəkarların mənimsədiyi müstəqil ağıl, sərbəst bazarlar və müstəqil xalq ideallarına yaxınlıq göstərmir”.
Tramp “Nyu-York Times” qəzetində yayımlanan məqaləni “qorxaqcasına” adlandırıb və adı gizli saxlanılan yetkiliyə yer verən qəzeti də tənqid edib. Sitat: “Bu adam gerçəkdirsə, beynəlxalq təhlükəsizlik nöqteyi-nəzərdən ”New-York Times" bu şəxsin kim olduğunu açıqlamalıdır".
Məqalə təcrübəli jurnalist Bob Voodvardın Ağ Evdə Trampın qərarlarının əngəllənməsi üçün aparılan intriqalar barədə yazdığı kitabın ayrı-ayrı hissələrinin “Vaşinqton Post” qəzetində paylaşılmasından bir gün sonra yayımlandı.
Məqalədə Ağ Ev yetkilisi Trampı əxlaqsız, ticarət və demokratiya əleyhdarı adlandırıb və ABŞ prezidenti haqqında “lazımi qədər məlumat sahibi olmadan, yetişməmiş və zaman-zaman laqeyd qərarlar almağa meylli” ifadələrindən istifadə edib.
Yazıda həmçinin Ağ Evdəki bir qrup məsləhətçinin də Trampın vəzifədən çıxarılması üçün ABŞ konstitusiyasının 25-ci əlavə maddəsini gündəmə gətirməyi düşündüyü, amma sonunda vaz keçdiyi də qeyd olunub: “Amma heç kimsə bu konstitusiya qalmaqalına zəmin hazırlamaq istəmədi. Yəni bu durum hansısa formada sona çatana qədər rəhbərliyin doğru yola qayıtması üçün əlimizdən gələni edəcəyik”.
Yetkili yazıda özlərini Ağ Evdəki “qəhrəmanlar” olaraq təqdim edib. Trampın bəzi köməkçiləri haqda mediada “pis adam” elan edilsə də, arxa planda hər nə qədər uğursuz olsalar da, Ağ Evdə verilə biləcək pis qərarlara mane olmaq üçün çalışdıqlarını yazıb.
Yazı müəllifi amerikanlara da belə səslənib: “Bu xaotik zamanlarda yazdıqlarım, sadəcə, bir kasıb təsəllisi olacaq, amma amerikalılar Ağ Evdə böyüklərin də olduğunu bilməlidir. Nələr yaşandığının tamamən fərqindəyik. Və Donald Tramp etməsə də, biz doğru olanı etməyə çalışırıq. Nəticə isə hər tərəfdən idarə olunan prezidentlikdir”.
Yazı müəllifi “hər tərəfdən idarə olunan prezidentlik” anlayışına xarici siyasətdə Cənubi Koreya və Rusiya ilə münasibətlərdə verilən qərarları nümunə göstərib: “Prezident Tramp Rusiya prezidenti Vladimir Putin və Cənubi Koreya lideri Kim Çe kimi avtokratlar və diktatorları tərcih edir kimi bir təəssürat yaratmağa çalışır. Və bizimlə bənzər fikirlərə müttəfiq dövlətlərlə qurulan bağları da lazımi qədər təqdir etmir. Ağıllı müşahidəçilər isə rəhbərliyin geri qalanının fərqli bir qoldan irəlilədiyinin fərqindədir. Bu qol Rusiya kimi daxili işlərə müdaxilə etdikləri üçün cəza aldığı, dünya miqyasındakı müttəfiqlərin rəqib yox, ortaq hərəkət edən ortaqlar olaraq görüldüyü bir sahədir”.
Tramp bu məqaləni “utancverici” adlandırıb və yazdığı twitdə də “Nyu York Times”ə müraciət edib: “Əgər hakimiyyətdə bu üst səviyyədə təmsilçi həqiqətən də varsa və bu, ”Nyu-York Times"ın başqa bir fırıldaq qaynağı deyilsə, əgər bu qorxaq adam gerçəkdən varsa, qəzet beynəlxalq təhlükəsizlik baxımından bu insanın kimliyini hökumətə bildirməlidir".
Ağ Evin media sözçüsü Sarah Huckabee Sanders da rəsmi açıqlamada sərt bir dildən istifadə edərək, bu kimliyi açıqlanmayan şəxsin “ölkəsi yerinə öz eqosunu Amerika xalqının iradəsinin qabağında tutduğunu” deyib.
Tramp və Ağ Ev məqaləni yayımladığı üçün “Nyu-York Times” qəzetini tənqid edib. Bu məqalə və məqalə ilə bağlı səsləndirilən rəylər, ifşa elementləri daha öncə ABŞ hakimiyyətində bənzəri görülməmiş bir durum olaraq dəyələndirilir. Qəzetin şərh səhifəsində çıxan məqalələr “Nyu-York Times”in xəbər mərkəzi xaricində bir qurum tərəfindən hazırlanır.
Qəzet rəhbərliyi bildirib ki, məqalə müəllifi olan dövlət nümayəndəsinin kimliyini bilirlər. Qəzet kimliyi ictimaiyyətə açıqlanmayan hökumət nümayəndəsinin məqalənin yayımlanması üçün şəxsən onlara müraciət etdiyini dedi və imzasız yayımlanması qərarı ilə bu yazını onlara təqdim etdiyini deyib: “Bu, kimliyi açıqlanmayan yetkili tərəfindən qələmə alınan məqaləni yayımlamanın, belə önəmli bir baxış bucağını oxucularımıza çatdırmağın tək yolu olduğuna inandıq”.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə məqaləni özünün yazmadığını demək ehtiyacı hiss edib.
Yazıda ötən həftə dəfn edilən senator Con Makkeyn haqqında “venera” ifadəsindən istifadə edildiyi üçün bu sözü danışıqlarında tez-tez istifadə edən prezident köməkçisi Mayk Pensin bu məqalənin müəllifi olması ilə bağlı versiyalar yayılıb. Amma Pensin sözçüsü bu iddialarla bağlı aşağıdakıları deyib: “Prezident köməkçisi öz yazılarının altına imzasını qoyur. ”Nyu-York Times" və bu yazını yazan şəxs bu yanlış, iftira dolu və qorxaq yazıya görə özündən utanmalıdır".
CNN isə Pens xaricində bu məqaləni kimlərin yaza biləcəyi ilə bağlı 13 versiya sadalayıb: Birinci xanım Melania Tramp, prezidentin qızı İvanka Tramp və əri Cared Kuşner, ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Haley, Trampın Rusiya üzrə məsləhətçisi Fiona Hill, ədliyyə naziri Ceff Sessions, müdafiə naziri Ceyms Mattis, Ağ Evin baş katibi Con Lekki, Trampın məsləhətçiləri Kellyan Konvey və Don Makken, daxili təhlükəsizlik naziri Kirsen Nilsen və beynəlxalq təhlükəsizlik direktoru Don Kouts.
Müşahidəçilər hesab edir ki, bütün bu baş verənlərdə rəhbərlik içindəki digər qolun başqa xətt üzərindən irəlilədiyi müşahidə edilir.
Məqalənin dərcindən qısa müddət sonra prezident Tramp twitter vasitəsilə bir sözlük mesaj yazıb: “Xəyanət”. Daha sonra verdiyi açıqlamada isə Tramp hər zamankı kimi “Nyu-York Times” qəzetini saxtakar, hadisəni isə rəzalət adlandırıb...
“Yeni Müsavat” xatırladır ki, imzasız, anonim şikayət yazmaq sovet dövründə Azərbaycanda da populyar olub. Ayrı-ayrı dövlət məmurları ilə bağlı şikayət yazıları, ifşaedici məlumatlar çox vaxt imzasız yazılıb və müvafiq dövlət qurumlarına göndərilib. Çox vaxt da bu məktublar əsasında insanlar vəzifələrindən azad ediliblər. Hətta sovet dönəmində çəkilən filmlərdə də anonim məktub mövzusu çox aktual olub. Bu işin “ustaları” filmdə pis personalar kimi təqdim edilib. Amma haqqında yazdığımız xəbərdə Amerika cəmiyyəti bu cür imzasız xəbərləri olduqca müsbət hal kimi qiymətləndirir və bunu ümumi işin, Amerikanın xeyrinə atılan addım kimi dəyərləndirir.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”