Deputatın ofisi narazılıq yaratdı – Sakinlər kömək istədi

1-10-2015, 11:07           
Deputatın ofisi narazılıq yaratdı – Sakinlər kömək istədi
Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 4 ünvanında ("Kapitalbank”ın Nəsimi rayon filialının qarşısı) yaşayan sakinlər narazıdırlar. Narazılığa səbəb isə bu ünvandakı yaşayış binasının birtərəfli çıxışı olan həyətində yaranan dözülməz vəziyyətdir.

Sakinlərin Qaynar.info-ya bildirdiyinə görə, Milli Məclisin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasınındakı nümayəndə heyətimizin başçısı Elxan Süleymanov buradakı ikimərtəbəli yaşayış binasını alıb, onu yüksək səviyyədə təmir etdirərək ofisə çevirib. "Həmin ofisin fəaliyyəti bizə aydın deyil, çünki onun üzərində bu barədə hər hansı məlumatlandırıcı lövhə yoxdur. Ofis işçiləri də bizə bu haqda hər hansı məlumat verməkdən imtina edirlər”, - deyə sakinlər bildiriblər.

Onların dediyinə görə, ofis işçilərinə məxsus avtomobillər həyətdə hərəkəti tamamilə məhdudlaşdırıblar. "Təsəvvür edin ki, bina sakinləri öz avtomobillərini həyətdə saxlaya bilmirlər. Maşınlarımızı ancaq ofis işçiləri oranı tərk etdikdən, yəni axşam saat 6-7-dən sonra həyətə sala bilirik”, - deyə sakinlər vurğulayıblar.

Onlar bildiriblər ki, ən çox narahat olduqları məqam uşaqların binanın təhlükəsiz həyətində oynamaq imkanlarının əllərindən alınmasıdır. "Sabah bu bahalı avtomobillərin birinə hər hansı zərər dəyəcəksə, bunu ödəmək imkanımız yoxdur. Digər tərəfdən, uşaqları rahat şəkildə həyətə də buraxa bilmirik ki, davamlı şəkildə gedib-gələn bu avtomobillər onların sağlamlığına təhlükə yaradar”, - deyə şikayətçilər qeyd ediblər.

"Təsəvvür edin ki, binamızın çox yaxınlığında iki avtopark var. Bunlardan biri özəl, digəri dövlət parkinqidir. Özəl avtoparkda maşın saxlamaq 1 manat, dövlət parkinqində isə 50 qəpikdir. Dəfələrlə ofis işçilərindən avtomobillərini həmin parkinqlərdən birində saxlamalarını xahiş etsək də, onlar buna əhəmiyyət vermək istəməyiblər. Mövcud normativ hüquqi aktlara görə, ofis işçilərinin orada mülkiyyət hüququ yoxdur, amma bizim yaşadığımız mənzillərə mülkiyyət hüququmuz var. Elə isə necə olur, onlar həyətdən ürəkləri kimi istifadə edirlər, ammma biz yox?!” – deyə sakinlər edirlər.

Artıq 2 ildən çoxdur məlum ofisin 25-dən çox ailənin rahatlığını qaçırdığını deyən sakinlər onların narazılıqlarından millət vəkili Elxan Süleymanovun da məlumatlı olduqlarını deyiblər: "Bizdə olan məlumata görə, Elxan müəllim ofis işçilərinə sakinlərin narazılıqları barədə eşidiyini, ona görə də avtomobillərin binanın həyətindən kənarda saxlanılmasını tapşırıb. Amma işçilər millət vəkilinin bu tapşırığına əməl etmirlər. Hətta biz bu barədə onlara deyəndə cavab verdilər ki, yalandır, Elxan müəllimin bizə bu haqda hər hansı göstərişi yoxdur”.

Sakinlər onların istirahət və mülkiyyət hüququnu pozan, eyni zamanda özlərinin və övladlarının sağlamlığına təhlükə yaradan bu məsələ barədə E. Süleymanovun ədalətli ölçü götürməsini, əncam çəkməsini xahiş edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.