Oğurlandığı deyilən şair Kürdəxanı türməsindəymiş

17-10-2015, 19:57           
Oğurlandığı deyilən şair Kürdəxanı türməsindəymiş
Satirik şair Tofiq Həsənli Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.

Oktyabrın 13-də saxlanılan şairin təcridxanada olması haqda ailəsinə polis əməkdaşları bir gün öncə məlumat veriblər.
Qardaşı Faiq Həsənov “Azadlıq” radiosuna deyib ki, onların evinə zəng vuraraq dəyişək paltar gətirməyin lazım olduğunu bildiriblər: “Bir də dedilər ki, haqqında 3, ya 4 aylıq həbs-qətimkan tədbiri seçilib, məhkəməyə kimi də orada qalacaq. Başqa heç nə deyilməyib. Bizə ancaq oradan-buradan xəbər gəlir ki, guya üstündə narkotiklə saxlayıblar və 20 min manat da pul olub. Biz kasıb adamıq. Haradandır qardaşımda o qədər pul?!”
Faiq Həsənov deyir ki, qardaşının yanına oktyabrın 18-də gedəcək və yalnız bundan sonra ətraflı danışa biləcək.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, bu haqda günortadan sonra araşdırıb xəbər verəcəklər.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov oktyabrın 15-də mətbuata açıqlamasında belə demişdi: “Tofiq Həsənli oğurlanıbsa, niyə bununla bağlı polisə müraciət etməyiblər? Öncə dəqiqləşdirin ki, ailəsi polisə müraciət edib, ya yox”.
Şairin dostu Sədrəddin Adiloğlu deyib ki, Tofiq Həsənlinin yoxa çıxması haqda xəbər gələn kimi qohumları Lənkəran Rayon Polis Şöbəsinə müraciət ediblər: “Şöbədən bildiriblər ki, onlarda belə fakt yoxdur. Daha sonra məlumat gəldi ki, Tofiqi saxlayanda guya üstündə narkotik olub. Bu dəfə də Narkotiklə Mübarizə İdarəsinin cənub şöbəsinə müraciət edildi. Növbətçi öncə faktı təsdiqlədi, belə adda şəxsin saxlanıldığını, binada olduğunu bildirdi. Amma az sonra belə adda adam saxlanılmadığını söylədi.
Bundan sonra yaxınları DİN-in “qaynar xətt”inə - 102-yə müraciət edib. Bu adamı polis saxlayıbsa, yaxınlarına bir məlumat verilsin, haradadır, niyə saxlanılıb. Polis saxlamayıbsa, oğurlanıbsa, onda axtarsın, tapsın onu”.
Sədrəddin Adiloğlu Tofiq Həsənlinin narkotik maddə qəbul edəcəyinə və ya satacağına inanmır: “O, Kərbəlada olub, namaz qılan adamdır. Onun narkotiklə işi olmaz”.
Qeyd edək ki, Tofiq Həsənli facebook səhifəsində də dini motivli videolar paylaşıb.
Əslən Lənkərandan olan, son zamanlar Qalada mağazada satıcı işləyən şair Tofiq Həsənlinin oktyabrın 13-də axşam saat 21:00 radələrində Bakının Qala kəndində naməlum şəxslər tərəfindən oğurlandığı deyilirdi. Şairin dostları ilk dəfə bu haqda facebook sosial şəbəkəsində məlumat və anasının videomüraciətini yaymışdı. Həmin müraciətdə bildirilirdi ki, şairi yazdığı satirik şerlərə görə oğurlayıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.