Tərtərin Borsunlu kəndinə qaz çəkildi
26-11-2015, 22:21
teref.az - “Düşmənlə təmas xəttində yerləşən Borsunlu kəndində 1160 nəfər əhali yaşayır. Uzun illər yanacaq sarıdan çətinlik çəkən kənd sakinlərinin indi sevincinin həddi-hüdudu yoxdur. Çunki kəndlərinə “mavi alov” çəkilmiş, evlərinə hərarət, ocaqlarına istilik gəlmişdir”.
Borsunlu kəndinə qaz xəttinin çəkilişi ilə bağlı keçirilən tədbirdə bu sözləri Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev söylədi.
Kənd icra nümayəndəsindən sonra çıxış edən ağsaqqal Vaqif Qədimov, sakinlərdən Məruzə İlyasova da öz sevinclərini tədbir iştirakçıları ilə bölüşərək, qış ərəfəsində kəndlərinə qaz çəkildiyi üçün cəbhə bölgəsində yaşayan sakinlər adından respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər.
Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oktay Qarayev çıxış edərək kəndə təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, Borsunlu kəndinə 320 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmış, birpilləli sistem əsasında 23400 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişafdan, cəbhə bölgəsində yerləşən rayonlara, təmas xəttindəki kəndlərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, indi kəndlərimizlə rayon mərkəzi arasında fərq aradan qaldırılır, su, qaz, işıq problemi yoxdur. Artıq rayon mərkəzi ilə yanaşı 30 kəndimiz qazla təmin olunub, 10 kəndimizdə isə qaz çəkilişi sürətlə davam etdirilir. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah, sosial-məişət şəraitinin yaxşılaşdırılması durur.
Sonra rayon rəhbəri kənd sakinlərinin iştirakı ilə rəmzi məşəli alovlandırmış, kənd sakini Natiq Hüseynovun fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etmişdir.