“Şantaj yolu ilə kimisə əməkdaşlığa cəlb etmək MTN-nin iş metodu deyil” - sabiq MTN zabiti
27-11-2015, 11:27
Bu günlərdə “MTN işi” ilə bağlı yayıaln məlumatlardan biri də bəzi MTN əməkdaşlarının müəyyən bar, restoran, masaj salonlarına gizli kameralara qoyaraq polis əməkdaşları, eləcə də jurnalistləri gizli çəkilişlər əsasında şantaj edib, onların bu yolla “verbovka”sına nail olması ilə bağlıdır. .
Maraqlıdır, hər hansı bir şəxsin gizli çəkiliş və ya şantaj yolu ilə “verbovka” olunması qəbulediləndirmi? Bu, MTN-nin iş metoduna, fəaliyyət ruhuna nə dərəcədə yaxındır? MTN tərəfindən məcburi surətdə əməkdaşlığa cəlb edilən şəxslərlə bağlı hər hansı araşdırma aparmağa ehtiyac varmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl, bu kimi halların yolverilməz olduğunu, eləcə də bu qəbildən olan informasiyaların həqiqiliyinin yoxlanılması gərəkdiyini vurğuladı:
“Kiminsə şantaj edilərək, hansısa çəkiliş əsasında əməkdaşlığa cəlb edilməsi xüsusi xidmət orqanının, MTN-nin iş metodu deyil. Hansısa barda, masaj salonunda kimisə çəkmək və daha sonra bunun əsasında onu “verbovka” eləmək onun iş prinsipi ilə bir araya sığmır. Bu, MTN-nin iş metodu deyil və sayıla da bilməz. Əgər bu deyilənlər doğrudursa, o zaman bu yolla əldə edilən məxfi əməkdaş, informator sona qədər həqiqətin yanında olmayacaq. O, yalandan danışacaq, yanlış informasiya təqdim edəcək və s. Bu cür əməkdaş onların nəyinə lazım olub? Mən bu metodu düzgün hesab eləmirəm. Düzü, bu informasiyaların dəqiqliyinə inanmıram.
Bu gün MTN-nin əsas vəzifəsi barda, restoranda kimlərisə verbovka eləmək yox, ölkəni terror təhlükəsizndən qorumaqdır. Əsas istiqamət budur, buna yönəlməlidir. Nazirliyin özündə kadr məsələləri qaydasına qoyulmalıdır. Bu istiqaətdə iş aparmaq lazımdır və bildiyim qədəri ilə gedir də. Əgər bu deyilənlər doğrudursa, o zaman bu informasiyalar MTN kimi böyük bir nazirliyin növbəti dəfə gözdən salınmasına gətirib çıxardacaq”.