Nardaranda xüsusi əməliyyat: - adamlar və evlər bir-bir yoxlanır
1-12-2015, 21:17
Nardaranda əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə keçirilən əməliyyat tədbirləri ilə əlaqədar olaraq, bu gün səhər saatlarından qəsəbə və qəsəbəətrafı yollar ciddi nəzarətə götürülüb.
"Trend"in hadisə yerindən verdiyi məlumata görə, ötən günlərdən fərqli olaraq bu gün səhər saatlarından etibarən hətta qəsəbə sakinlərinin də qəsəbəyə girişinə icazə verilmir. Həmçinin Nardaran sakinlərinin qəsəbəni tərk etmələrinə qadağa qoyulub.
Qəsəbəətrafı yollarda isə bütün avtomobillər və sərnişinlərin sənədləri yoxlanılır. Ətraf ərazilərdən Bakı istiqamətinə hər kəs tək-tək yoxlanılmaqla buraxılır.
Nardaranın girəcəyinə ağır zirehli texnika toplanıb, əraziyə Çevik Polis Alayı əməkdaşları nəzarət edir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən evlərdə qeydiyyatı olan şəxslər siyahı üzrə yoxlanılır.
Qeyd edək ki, bu gün saat 08:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.