Əlil vətəndaşlar cəmiyyətimizin bərabər hüquqlu üzvləridir - Nəsimidə tədbir

3-12-2015, 00:04           
Əlil vətəndaşlar cəmiyyətimizin bərabər hüquqlu üzvləridir - Nəsimidə tədbir
teref.az - Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Lakin onların çoxunun maddi və ya hər hansı digər yardımdan çox adi mənəvi yardıma ehtiyacı vardır. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər günü Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun rəhbəri, Millət Vəkili Mehriban xanım Əliyevanını səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayondakı əlil uşaqlar, Daun Sindromlu Şəxslərin Assosiasiyası, 11 və 268 saylı Xüsusi məktəblərdə təhsil alan və Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış uşaq bağçasındakı əlil uşaqlar- ümumilikdə 150-dən çox əlil uşaq üçün «Romans-Palas» şadlıq sarayında müsiqili-əyləncəli tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Nəsimi rayonunda qeydiyyatdan keçmiş 1656 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Hazırda rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 307 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlardan 58 nəfər əlilə 8 nəfər sosial işçi xidmət göstərir

DİA.AZ-a daxil olan məlumata görə, A.Əsgərov bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, yalnız bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli tədbir təşkil olunmuşdur. Bu il müxtəlif kateqoriyalardan olan 119 nəfər əlil rayon sakini Naftalan, Lənkəran, Şəki, Kürdəmir rayonları və Bilgə qəsəbəsindəki istirahət mərkəzləri və sanatoriyalara göndərilmişlər.
Həmçinin qeyd olunmuşdur ki əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Nəsimi rayonunda 1927-ci ildən fəaliyyət göstərən 268 saylı Xüsusi məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan əqli və fiziki qüsurlu 887 nəfər uşaq təhsil alır. 156 nəfər məktəbdə, 731 nəfər isə evdə təhsil alır. Onlara 249 nəfər müəllim dərs keçir.
Rayonda fəaliyyət göstərən 11 saylı Xüsusi məktəb 1947-1948-ci tədris ilində istifadəyə verilmişdir. 121 nəfər məktəbdə, 799 nəfər isə evdə təhsil alır. Onların təhsili ilə 304 nəfər müəllim məşğul olur.
Nəsimi rayonunda Eşitmə Qabiliyyəti Pozulmuş Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçası 1972-ci ildən fəaliyyət göstərir. Bağçada 7 qrup fəaliyyət göstərir ki, onlardan 5 qrupu kar, 2 qrup isə zəif eşidən qruplardır. 23 pedaqoji işçi 60 nəfər uşağın tərbiyəsi ilə məşğul olur.
Rayonda Autist Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyi fəaliyyət göstərir ki, burada autizm sindromundan əziyyət çəkən uşaqların reabilitasiyasına dəstək göstərilir.
Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır.
Tədbirdə 150 nəfər əlil uşağa hədiyyələr təqdim olunmuş, populyar estrada ulduzları- Sevil və Sevinc Səfərovalar, Natavan Həbibi, Rüfət Axundov və bir çox gənc incəsənət xadimləri, şən klounlar öz mahnıları və ifaları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişlər.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.