Həyat yoldaşı Aqil Abbasın müdafiəsinə qalxdı – “Soğan məsələsi”
18-01-2016, 18:17
Məlum olduğu kimi, millət vəkili Aqil Abbasın “Get orda soğan ək, ailəni saxla” fikri sosial şəbəkədə və mətbuat səhifələrində birmənalı qarşılanmayıb. Hətta vəziyyət o dərəcəyə çatıb ki, narazı kütlə deputatın soğan sahəsində kollajını edin sosial şəbəkədə müzakirəyə çıxarıblar.
Məsələ ilə əlaqədar Aqil Abbasla əlaqə saxlasaq da o, bununla bağlı danışmaq istəmədiyini bildirdi. Bu arada “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay həyat yoldaşı Aqil Abbasın müdafiəsinə qalxıb. AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb. Baş redaktor qeyd edib ki, ölkədə uğursuz insanların sayının çox olması əslində, ölkənin uğursuz olması deməkdi: “Uğursuz insanların isə içi kinlə, nifrətlə dolu olur. İnsanlıq halı... Amma uğursuzluq həm də günahı kimdəsə axtarmaq kimi xarakter yaradır. Və bu milli keyfiyyətə çevrilir. Hətta gedib yaşadıqları xoşbəxt ölkələrdə də xoşbəxt yaşaya bilmirlər. Günah axtarışı xarakter olub axı”.
O, qeyd edib ki, nəsə yazıb altında təhqirlərə yol verən, bundan həzz alanlar əslində daxilən kompleksli adamlardı: “Yadıma gəlmir kiminsə təhqir olunmağına yol verəm. O qədər yazılar yazmışam ki. Nə kiməsə tərif vurmamışam, təzim eləməmişəm, nə də təhqir olmayıb. Bəlkə çox sadəlövhəm, amma bu gərginlikdə həmişə barış axtarmışam. Hər şeyin açarı sevgidi deyə düşünmüşəm. Statsunda Naxçıvan sözünü NAXirçi kimi oynadanlara meydan verirsənsə sənin heç naxirçi qədər mahiyyətin yoxdu”.
İ.Tuncayın fikrincə, Aqil Abbasın yanlışlarını ondan çox bilən və deyən də yoxdu: “Onun içində insanlara nə kin, nə də nifrət yoxdu. Bu, onu başqalarından fərqli edir. Bütün müsbətləri və mənfiləri qoyuram kənara, elə oxutduğu uşaqlar onun ən böyük uğurudur. Kiməsə xoş üzlə qapı açmayan adamların istetikaya düşməsi anlaşılandı. Hər kəs öz içində öz kimliyini dərk edir və bu narahat edir. Hakimiyyətdən yazan o qədər adam var ki… Düzüynən, yalanıynan... Amma hər kəs təhqirə imkan yaratmır axı. Bu da xarakter məsələs idi. Hər kəs olduğu rəfdədi. Və bunu heç nə dəyişməyəcək...”
Qeyd edək ki, A.Abbas “AzadlıqRadiosu”na müsahibəsində işsizliyə etiraz edən insanlarla bağlı “İş yeri tikirlər, sahibkarlar da yer açır ki, camaatı işlə təmin etsinlər. Amma hamını işlə təmin etmək... Amerikada hamı işlə təmin edilib? Ya İngiltərədə, ya Fransada, ya qardaşımız Türkiyədə? Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orda soğan ək, ailəni saxla. Məsəl üçün deyirəm ha bunu”-deyə bildirib.