Sabah Osvençim qatilinin məhkəməsi başlayır - 3861 əsirin ölümünün baiskarı
29-02-2016, 00:41
Sabah Almaniyada minlərlə insanın ölümündə təqsirli bilinən Osvensim ölüm düşərgəsinin keçmiş həkimi Qubert Zafkenin məhkəmə prosesi başlayır.
Anspress-in məlumatına görə, Qubert Zafke 1943-cü ildə feldşer işlədiyi Osvensim əsir düşərgəsində 3861 əsirin ölümündə günahlandırılır. Məhkəmədə iki şahidin dindiriləcəyi gözlənilir.
Prokurorlar iddia edirlər ki, Zafke düşərgədə işlədiyi müddət ərzində kütləvi surətdə məhkumların öldürülməsində iştirak edib. Onların sözlərinə görə, SS rəhbərlərinin müalicəsi ilə birbaşa məşğul olan həkimin otağı əsirlərin yandırılması üçün aparıldığı qaz kamerasına gedən yolun üstündə yerləşirdi. Zafke əsirlərin yandırıldığı krematoriyadan qalxan tüstünü gün ərzində müşahidə edib, ona görə də əsirlərin yandırılmasından xəbərsiz ola bilməzdi.
Aprel ayında Osvensimin daha bir keçmiş əməkdaşının, qarovulçu Raynold Qanninqin məhkəməsi gözlənilir. O təxminən 170 min əsirin öldürülməsində günahlandırılır. Məhkəmənin araşdırmalarına görə, Raynold əsirlərin bölüşdürülməsi ilə məşğul olaraq kimlərin məcburi əməyə, kimlərin isə öldürülməyə seçilməsnə şəxsən qərar verib.
Xatırladaq ki, Osvensim ən böyük alman-faşist həbs düşərgəsi olub. O, 1940-cı ildə Krakovdan 70 km aralıda yaradılıb. Onun yaxınlığında daha 45 konslager mövcud olub ki, onlardan ən böyüyü Bjenzink düşərgəsi idi. Burada faşistlər 1.1 milyonu yəhudi olmaqla ümumilikdə 1,4 milyon insanın həyatına son qoyub. 1945-ci ilin yanvarında sağ qalan 7 min əsir Ukrayna cəbhəsinin döyüşçüləri tərəfindən azad edilib.
teref.az