Bakının mərkəzində yol çökür - Foto

13-07-2021, 11:45           
Bakının mərkəzində yol çökür - Foto
Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində yolun asfalt-beton qatı çökmək üzrədir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli problemin qısa zamanda həll olunacağını bildirib.

"Göründüyü kimi ərzidə 2 kommunikasiya xəttinin baxış qapaqları var. Çox güman ki, həmin ərazidən keçən kommunikasiya xəttində hər hansısa bir problem var ki, belə hallar baş verir. Təbii ki, əgər, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ərazidə olarkən belə hallarla rastlaşırlarsa, dərhal aidiyatı üzrə məlumat verilir və problemin aradan qaldırılması üçün addım atılır. Orda kommunikasiya xəttində hər hansısa problem varsa, buna cavabdeh olan qurumun əməkdaşları dəvət olunur, baxış keçirilir, problem aradan qaldırılır və daha sonra asfalt-beton örtüyü bərpa edilir. O cümlədən vətəndaşların müraciəti, eyni zamanda sosial şəbəkələrdə yayılan foto-video faktlar əsasında da biz dərhal araşdırmalara başlayıb, problemin aradan qaldırılması üçün işlər aparırıq", - A.Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, kommunikasiya xətlərinə aidiyatı qurumlar nəzarət etməlidir, lakin bu, yolda baş verirsə, avtomobillərin, piyadaların hərəkətində problem yaşanmaması üçün bəzən özümüz həmin qurumlara müraciət etmədən işlər görürük:

“Ötən gecə sosial şəbəkədə 8 Noyabr prospekti ilə kəsişmədə olan bir küçənin kənarında baxış qapağının qırıldığı barədə məlumat yayılmışdı. Səhər saatlarında əraziyə bizim əməkdaşlar göndərildi və qısa müddət ərzində aidiyatı quruma məlumat verilmədən həmin problem aradan qaldırıldı. Bu kimi hallar olanda, dərhal reaksiya veririk”.

Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə açıqlamasında yol çökməsi faktı ilə bağlı məsələnin araşdırılması üçün əraziyə işçi qrupun göndərildiyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.