Əli Azərbaycan xalqının qanına batmış "qırmızı qatil"-in Bakıdakı barelyefi söküldü
15-03-2016, 10:41
Bir neçə gün öncə Bakının mərkəzi küçələrindən biri olan Murtuza Muxtarov küçəsində, 26 Bakı komissarından biri Vladimir Polyuxinin “xatirə lövhəsi”nin hələ də sökülməməsi haqda oxucularımıza məlumat vermişdik. Hətta məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətini də məlumatlandırdıq. Həmin vaxt icra hakimiyyətindən bildirdilər ki, Vladimir Polyuxinin barelyefinin hələ də adıçəkilən ünvanda qalmasından xəbərəsizdirlər və məsələ araşdırılacaq.
Bu gün isə Yasamal Rayon İcra Hakimiyyətinin ictimai siyasi şöbəsinin müdiri Zöhrab Cəfərov hafta.az-a açıqlamasında bildirdi ki, 26 Bakı komissarından olan Vladimir Polyuxinin “xatirə lövhəsi” artıq Murtuza Muxtarov küçəsindən götürülüb: “Mən elə həmin gün öz müavinimi həmin ünvana göndərdim. Məndə olan məlumata görə, balaca bir lövhə imiş. Dərhal sökülərək yığışdırılıb. Əvvəl vardı, indi isə inqilabçı Polyuxinin barelyefi orada yoxdur”.
Qeyd edək ki, Xatirə lövhəsində göstərilir ki, Vladimir Polyuxin Azərbaycanda sovet hakimiyyətinin qurulmasında “fəal mübariz” olub. Polyuxin 1918-ci ilin yanvarında Moskvadakı inqilabi komitə rəhbərliyi tərəfindən Volqaqraddan Bakıya göndərilib. Bolşevik “inqilabçı”nın əsl peşəsi isə hərbi dənizçi kimi Bakını mühasirədə saxlamaqdan ibarət imiş. O, Şaumyanın göstərişi ilə mart qırğınları zamanı Bakını kapitanı olduğu hərbi gəmisindən atəşə tutub və xeyli azərbaycanlının öldürülməsinə “yardımçı” olub.
Vladimir Polyuxin 20 sentyabr 1918–ci ildə o zaman Bakıya gələn ingilislər tərəfindən qətlə yetirilən 26 Bakı komissarından biridir. Murtuza Muxtarov küçəsi isə sovet hakimiyyəti illərində məhz Polyuxinin adını daşıyıb. Xatirə lövhəsi də çox güman ki, elə ötən əsrin 50-ci illərində qoyulub və bu günə qədər də “gözdən yayınıb”.