"Sepah" Ukraynada döyüşmək üçün Suriya və İraqdan Rusiyaya 300 döyüşçü GÖNDƏRDİ
10-03-2022, 19:45

“Sepah”ın üzvlərindən və bu hərbi korpusa bağlı qruplaşmalardan Ukraynada döyüşmək üçün 300 nəfərin Suriya və İraqdan Rusiyaya göndərildiyi bildirilir.
KONKRET.az “Azad İran” Telegram kanalı xəbər verir ki, bu iddianı İran kürdlərinə məxsus mətbuat orqanlarından biri yayıb.
İddiaya görə, həmin heyətdən 50 nəfəri “Sepah”ın “Qüds Qüvvələri”nin Suriyada “hərbi müşavir” adı altında döyüşən hərbçiləridir. 250 nəfər isə İraqda “Sepah”a bağlı yaraqlı dəstə olan “Əl-Nücəba İslam Müqaviməti Təşkilatı”nın üzvüdür.
Bildirilir ki, həmin qüvvələr ötən illərdə Suriya və İraqda gedən müharibələrdə partizan və küçə döyüşləri təcrübəsi qazandıqları üçün Rusiyaya gətirilib və Ukraynada da küçə döyüşləri baş verərsə, ora ezam ediləcəklər.
“Wall Street Journal” da ötən günlər ərzində adını çəkmədiyi amerikalı rəsmilərə istinadən Rusiyanın Suriyadan Ukrayna müharibəsinə muzdluları cəlb etdiyini iddia edib. Qəzet bunun səbəbini Rusiyanın Ukraynaya hücumunda gözlənilməz müqavimətlə rastlaşması ilə əlaqələndirib və bildirib ki, rəsmi Moskva bu səbəbdən şəhər döyüşlərində təcrübəsi olan suriyalı yaraqlıları münaqişəyə cəlb edib. Amerikalı rəsmilər bu xüsusda Rusiya tərəfdən “Qüds Qüvvələri” və ona bağlı yaraqlıların da döyüşməsi ehtimalının olduğunu bildiriblər.
Hələlik nə İran, nə də Rusiya tərəfi iddialara rəsmi münasibət bildirməyib.