İtaliyada Putinin dostunun villası müsadirə edilib
17-03-2022, 00:03
Daha bir rus oliqarxının İtaliyada əmlakla bağlı bəxti gətirməyib. Maliyyə polisi Petr Avenin dəyəri 4 milyon avrodan çox olan villasının üzərinə həbs qoyub. AzVision.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb. Söhbət Sardiniya adasındakı Porto Rafael kurort şəhərində yerləşən villadan gedir. Əmlakın hazırki dəyəri 4,3 milyon avro təşkil edir. Əmlak üzərinə həbs martın 16-da, Avenin 67 yaşı tamam olanda baş verib. Petr Aven Alfa Group maliyyə konsorsiumunun sahiblərindən biridir. O, Ukraynadakı Alfa-Bank-ın 12,40%-nə sahibdir. Oliqarx fevralın 28-də Rusiya prezidenti Vladimir Putinin administrasiyası ilə əlaqələrinə görə Aİ sanksiyalarına məruz qalıb. Martın 15-də o, Böyük Britaniyanın sanksiyalar siyahısına əlavə edilib.
Avropa İttifaqının məlumatına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəbindən Qərbin tətbiq etdiyi sanksiyaları ləğv etmək cəhdində Kremlə yardım edən məhz Aven olub.