Ekvadorda pulsuz banan paylanır?
26-03-2022, 12:16

Sanksiyalara görə, Rusiyaya banan tədarükünü dayandıran Ekvadordan olan fermerlər indi yığılmış bananları ucuz qiymətə satmağa və ya pulsuz paylamağa məcbur olublar.
Rusiyanın “Moskovskiy komsomolets” nəşrinə istinad edən SİA bu məlumatın “Wall Street Journal”da yer aldığını bildirir.
Qeyd edək ki, Ekvadorun ixracı üçün nəzərdə tutulan bananın 20 faizini dünənə qədər Rusiya tədarük edib. Lakin sanksiyalar nəinki banana, hətta Rusiyanın Ekvadordan aldığı güllərin tədarükünə də tətbiq edilib.
Yeri gəlmişkən, Paraqvaydakı kənd təsərrüfatı istehsalçıları da problemlərlə üzləşiblər. Bildirək ki, onlar da yerli mal əti ixracının təxminən 20 faizini Rusiyaya göndərirdilər. Onu da bildirək ki, Rusiya Federasiyası Paraqvay əti üçün ikinci ən böyük bazar idi. Yəni indi ölkənin daxili bazarı bu qədər mal ətini realizə edə bilməyəcək.
...Amma mənə elə gəlir ki, Paraqvay fermerlərinin Ekvadordan olan həmkarları kimi əti müftə paylayacaqları heç inandırıcı görünmür.