Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

25-05-2022, 00:04           
Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar
37 yaşlı Elnarə Vladimir qızı Məmmədova Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Teref.az-ın Lent.az-a istinadla məlumatına görə, o, insan alverində təqsirli bilinir.

E.Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (insan alveri qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunub.

Məhkəmənin hökmü ilə Elnarə Məmmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Əldə olunan məlumata görə, E.Məmmədova öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişilərlə cinsi münasibət qurmağa vadar edib.

Zərərçəkmiş 4 qızın hər biri Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində "Sovxoz" adlanan ərazidə yaşayıblar. Onlar 1983-cü il təvəllüdlü S.Q, 1997-ci il təvəllüdlü J.Ə, 1999-cu il təvəllüdlü M.Ə və 1984-cü il təvəllüdlü G.M-dir. Bunlardan yalnız G.M 2017-ci ildə Aydın şəhərinə aparılıb.

Hazırda E.Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.