Azərbaycanın 13 şəhər və rayon icra hakimiyyətlərində ciddi maliyyə nöqsanları aşkarlanıb, - 20 məmur cəzalandırılıb
8-04-2015, 11:49
Azərbaycan Hesablama Palatası Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb.
APA-nın məlumatına görə, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, qeyd olunan şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə - smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib. Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su, istilik, kanalizasiya sistemlərinin sınağının keçirilməsi barədə müvafiq akt tərtib edilməyib. Qüvvədə olan qanunvericiliyə əsasən, investisiya xərclərinin dövlət orqanlarının və müəssisəsinin aktivlərinin artırılması üçün nəzərdə tutulan xərc kimi müəyyən edildiyi halda, əsaslı tikintiyə və əsaslı təmirə yönəldilmiş vəsait hesabına yaranan əsas fondların müvafiq qaydada uçota alınması təmin edilməyib. Obyektlərə baxış zamanı bir sıra hallarda quraşdırılmamış mebel və avadanlıqlar, həmçinin yerinə yetirilməyən tikinti – quraşdırma işlərin qəbulu haqqında aktlara daxil edildiyi müəyyən olunub.
Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrini müzakirə edərək müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində, bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülmüş işlər barədə Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinə göndərilib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumat verilib. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyətindən (RİH) verilən cavabda üç obyekt üzrə yerinə yetirilməmiş 27364,91 manat məbləğində tikinti işlərinin yerinə yetirildiyi, iki obyekt üzrə podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş tikinti – quraşdırma işləri hesabına 201,4 min manat məbləğində debitor borcun bağlandığı və baş memara xəbərdarlıq edildiyi bildirilib. Ağstafa RİH-dən verilən məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməmiş 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib. Eyni zamanda bununla bağlı 3 nəfər, o cümlədən İcra Hakimiyyətinin birinci müavininə, 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edilib. Goranboy RİH-dən baş verən nöqsanlarla bağlı tədbirlərin görüldüyü və 1 böyük məsləhətçiyə xəbərdarlıq edildiyi bildirilib. Masallı RİH-dən verilən məlumatda 9 obyekt üzrə yerinə yetirilməmiş işlərin görüldüyü və nöqsanlarla bağlı 2 nəfərin, o cümlədən 1 şöbə müdiri və 1 aparıcı məsləhətçinin tutduğu vəzifədən azad edildiyi qeyd olunub. Neftçala RİH-dən verilən məlumatda da podratçıya artıq ödənilmiş 21211,73 manatın dövlət büdcəsinə bərpa edildiyi və nöqsanlara görə 2 orta məktəb direktoruna töhmət verildiyi, RİH-in baş mühasibinə və 1 aparıcı məsləhətçiyə xəbərdarlıq olunduğu bildirilib. Hacıqabul RİH-dən baş verənlərlə bağlı tədbirlərin görüldüyü və nöqsanlara görə baş mühasibə xəbərdarlıq edildiyi qeyd olunub. Gədəbəy RİH-dən verilən məlumatda da baş vermiş nöqsanlarla bağlı tədbirlərin görüldüyü və böyük məsləhətçiyə xəbərdarlıq olunduğu bildirilib. Şirvan RİH-dən verilən məlumatda 1 obyekt üzrə yerinə yetirilməmiş 30160,8 manat məbləğində tikintinin, 5 obyekt üzrə yerinə yetirilməyən 17164,2 manat məbləğində dəyərinin dövlət büdcəsinə bərpa olunduğu göstərilib. Zərdab RİH-dən verilən məlumatda da 2 aparıcı məsləhətçiyə töhmət verildiyi, baş mühasibə və böyük məsləhətçiyə xəbərdarlıq edildiyi bildirilib. Şəmkir RİH-dən verilən məlumatda isə 1 böyük məsləhətçi və 1 mühəndisə töhmət verildiyi, baş mühasibə və baş məsləhətçiyə xəbərdarlıq edildiyi qeyd olunub.
Qeyd edək ki, hesabat aprelin 14 – də Milli Məclisdə müzakirəyə çıxarılacaq.