Müsavat rəhbərliyindən “gedənlərə yaxşı yol” mesajı
11-05-2016, 09:43
Müsavat Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı başda olmaqla, bir qrup gəncin son günlərdə Müsavat Partiyasından istefa vermələrinə partiya rəhbərliyindən mayın 10-da münasibət bildirilib.
“Yeni Müsavat”a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, həmin şəxslər partiya ilə münasibətlərini, partiya fəaliyyətlərini Müsavat Partiyasının 2014-cü ildə keçirilən 8-ci qurultayından sonra faktiki olaraq dayandırmışdılar. İndi, sadəcə, gedişlərini rəsmiləşdirirlər: “Gedənlərə yaxşı yol. Kimin nə qədər gücü varsa, o qədər qaldı. Gedənlərə yaxşı yol, gedib öz işləri ilə məşğul olsunlar. Müsavatdan onlar əslində çoxdan ayrılmışdılar və Müsavatda fəaliyyət göstərmirdilər”.
“Həmin gənclərin gedişini partiya üçün itki sayırsınızmı” sualına G.Aslanlı belə cavab verdi: “Onlar çoxdan ayrılıb gediblər. O dövrdə gedən vaxtı gedişləri itki idi. İndi isə fərqli durumdur, çünki onlar iki ilə yaxındır partiyada heç bir fəaliyyət göstərmirdilər. Ona görə də indiki qərarları Müsavat Partiyası üçün itki anlamı vermir”.
G.Aslanlı istefa verənlərin ərizələrinin partiyaya daxil olub-olmadığı haqda məlumata malik olmadığını dedi. Müsavat Divanının üzvü İkram İsrafil isə Tural Abbaslının və bir qrup gəncin istefasına “yolları açıq olsun” deməklə münasibət bildirdi.
Xatırladaq ki, istefa verən gənclər AĞ Partiya adında yeni siyasi təşkilat yaradacaqlarını və yaxınlarda qurultay keçirəcəklərini bəyan ediblər.