Bakıda jurnalisti döydülər: "Sonra maşınla ayağımın üstündən keçdi"
12-05-2015, 15:39
Rusdilli “urban.az” saytının əməkdaşı Səbinə Quliyeva Bakıda küçənin ortasında döyülüb.
Bu barədə AzNews.az-a jurnalistin özü məlumat verib.
Onun sözlərinə görə, yolda gördüyü bir hadisəyə etirazını bildirərkən təzyiqlə üzləşib: “Biz veteranları təbrik etməyə gedirdik. Yolda gördüm ki, bir sürücü avtomobilin pəncərəsindən küçəyə dəmir banka atır. Bunun düzgün hərəkət olmadığını demək üçün həmin avtomobilin yanına sürdüm və sakit şəkildə etirazımı bildirdim. Dedim ki, sizin maşında bu iki bankaya yer tapılmadımı ki, küçəyə atırsınız? Sürücü bunu eşidər-eşitməz qışqırmağa başladı ki, “nə deyirsən, kimə deyirsən?”. Mən çiyinlərimi çəkdim və “tərbiyəsiz” deyib, yoluma davam etdim”.
Xanım jurnalistin bu sözlərini həzm edə bilməyən sürücü avtomobili onun arxasınca sürüb və qışqıraraq maşını saxlamasını tələb edib. Maşını saxlayan kimi sürücü Səbinə Quliyevanın üstünə hücum çəkib və ağzına vurmağa başlayıb:
“O biri maşında olan dostlarım və fotoqraf hadisəyə müdaxilə etdi və məni onun əlindən aldılar. Mən polisə zəng edəcəyimi deyəndə hücum çəkən şəxs tez avtomobilinə əyləşib qaçmaq istədi. Onu saxlamağa çalışdılar. Amma o, mənim ayağımın üstündən keçib qaçmağı bacardı”.
Zərərçəkən şəxs hadisə ilə bağlı polisə şikayət edib: “90 CG 496 dövlət nömrə nişanlı avtomobilin sürücüsü olan şəxsin cəzalandırılmasını tələb edirəm. Günün günorta çağı qadına qarşı şiddət göstərirlər. Özü də küçənin ortasında. Bunlarla mübarizə aparmaq lazımdır. Bu işin sonuna kimi gedəcəyəm”.