Azərbaycanlılar Bakıdakı həkimlərə daha çox inanırlar
22-05-2016, 13:04
"Həkim səhlənkarlığına görə heç kim rayon xəstəxanalarına inanmır və paytaxta üz tutur"
Ağstafada 3 yaşlı uşağı maşın vurduqdan sonra Ağstafa Mərkəzi Rayon Xəstəxanasında ona ilkin tibbi yardım göstərilsə də, azyaşlının vəziyyəti ağır olduğu üçün onu paytaxtdakı xəstəxanalardan birinə göndəriblər. ANS PRESS-in diqqətini çəkən məqamlardan biri 7 saata yaxın məsəfəni qətt edərək Bakıya gətirilən uşağın rayon xəstəxanasında saxlana bilməməsidir.
Əldə etdiyimiz məlumata görə, xəsarət alan qızcığaz hazırda Bakıda Neyrocərrahiyyə xəstəxanasında reanimasiya şöbəsində saxlanılır. Balacanın vəziyyəti ağır olaraq qalır. Bəlkə də buna səbəb ona vaxtında lazımi yardımın göstərilməməsi və uzun yol qətt edib balacanın paytaxta gətirilməsidir. Belə olmasa idi, 5 gün əvvəl qəzaya düşən uşağın vəziyyətində hər hansı bir irəliləyiş müşahidə olunardı.
Hər il dövlət büdcəsindən səhiyyəyə kifayət qədər pul ayrıldığını, prezidentin rayonlarda yüksək standartlara cavab verən xəstəxanaların açılışında iştirak etdiyini nəzərə alsaq, xəstələrin Bakıya göndərilməsi maraq doğurur. Bəlkə, rayon xəstəxanalarında müasir standartlara uyğun olan aparatları idarə etmək üçün kifayət qədər kadrlarımız yoxdur? Ya, bəlkə, insanların təfəkkürü hələ də rayonlarda müalicə və müayinənin mümkün olduğunu dərk etməyə imkan vermir?
"Rayon xəstəxanalarında həkim səhlənkarlığı olduğu üçün heç kim rayon xəstəxanalarına inanmır və paytaxta üz tutur"
Yaşadığı yerdən asılı olmayaraq hər kəsin tibbi xidmətlərdən yetərincə yararlanmaq hüququnu nəzərə alıb, Səhiyyə Nazirliyindən rayonda fəaliyyət göstərən tibb müəssisələrinin vəziyyəti ilə maraqlandıq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın sözlərinə görə, rayondakı səhiyyə obyektlərinin əsaslı təmiri və tikintisi Sosial-iqtisadi İnkişaf Proqramına salınıb və mütəmadi olaraq rayonlarda xəstəxanalar yenidən təmir olunur və ya lazım gəldikdə yenisi tikilir.
"Bir çox rayonlarda artıq müasir standartlara cavab verən xəstəxanalar mövcuddur. Onlar yeni aparatlarla və yüksək ixtisaslı kadrlarla təmin olunub. Düzdür, nadir hallarda xəstəxanalar məcbur olub xəstəni paytaxta göndərir. Məsələn, elə Ağstafada baş verən hadisədə uşağı ona görə Bakıya göndəriblər ki, ona neyrocərrahiyyə lazım olub. Belə spesifik hallar var ki, o ancaq Bakıdakı xəstəxanalarda həyata keçirilir. Çünki həmin xəstələri müalicə etmək üçün aparatlar çox baha olduğundan biz onu hər rayona alıb qoya bilmirik", - deyə qurum rəsmisi qeyd etdi.
Liya Bayramova onu da əlavə etdi ki, çox vaxt rayon sakinləri özləri paytaxta gəlirlər, onları heç bir həkim göndərmir. "Bu onların "sovet" dövründən qalma vərdişləridir. Elə bilirlər ki, hələ də rayon xəstəxanalarında kifayət qədər aparat və ya savadlı həkim yoxdur".
Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müalicə alan Nefçala rayon sakini Ağayeva Binəbacı deyir ki, rayon xəstəxanasının həkimləri onu özləri Bakıya göndəriblər. Xəstənin sözlərinə görə, bu ilk belə hal deyil, bir neçə il bundan əvvəl də o, belindən güclü ağrı tutduğu üçün Bakıya göndərilmişdi.
"Rayonumuzda həkimlərin başı çıxmadı məndə hansı xəstəlik var, sancı nəyə görədir. Biri dedi, yəqin, "qrıjadır", biri dedi, ağır yük qaldırmısan, belin sərpib. Amma Bakıya gələn kimi həkimlər belimin sancısının mədəmdə yaranan yara ilə bağlı olduğunu dedilər və məni müalicə etdilər".
Respublika Kliniki Xəstəxanasının rəhbəri Telman İbadovun sözlərinə görə, hazırda, demək olar ki, bütün rayon xəstəxanaları yüksək standarlara uyğun şəkildə fəaliyyət göstərir. "Amma təəssüf ki, bəzilərində həkim səhlənkarlığı olduğu üçün hamı ona görə rayon xəstəxanalarına inanmır və paytaxta üz tuturlar".
Bir müddət əvvəl rayonda qeydiyyatda olan insanların təyinatsız paytaxt xəstəxanalarına gələrək burada müalicə almasının şərtləri sərtləşdirilib. İndi rayon sakinlərinə "özbaşına" paytaxt xəstəxanalarına müraciət etmək icazə verilmir. Bölqələrdə yaşayan insanlar əlbəttə ki yeni qaydalardan narazıdırlar. Onları hardasa başa düşmək olar - keyfiyyətli tibbi yardıma hamının haqqı var.
Neftin qiymətinin ucuzlaşmasına, milli valyutanın dəyərdən düşməsinə və bütün dünyada iqtisadi durumun zəifləməsinə baxmayaraq Azərbaycanda səhiyyəyə diqqət həmişə yüksək səviyyədədir. Bunun nəticəsidir ki, bu gün rayonlarda yüksək standartlara uyğun xəstəxanalar açılırır. Amma xəstəxananı açıb, onu avandanlıqla təmin etmək kifayət deyil. Həmin avadanlıqdan istifadə edən mütəxəssisləri rayon xəstəxanalarına göndərmək lazımdır. Belə olmayacağı halda, büdcənin pulunu boşu-boşuna səhiyyəyə verməyin nə anlamı var ki?!