Bakının ən qədim məktəbində rüşvətin ən köhnə üsulu - Müəllimlər belə haqq verir
8-04-2015, 16:06
Orta məktəblərdə yay tətili günləri yaxınlaşdıqca bir çox məktəb direktorlarının da qayğıları artır. Zarafat deyil, üç aydan da artıq müddət ərzində pul yığımlarında məcburi fasilə yaranacaq. Bu aylar ərzində isə min-bir “əziyyətlə” toplanmış pul ehtiyatları sürətlə əriməyə başlayacaq. Bəs bu dövrü minimum ziyanla başa vurmaq üçün nə etmək lazımdır? Əlbəttə ki, fürsət var ikən hələ ki, davam edən yığımları intensivləşdirmək, tədris ilinin qalan müddətindən mümkün qədər “səmərəli” istifadə etmək. Elə düşünməyin ki, fikirlərimizi bu tərzdə ifadə etməklə biz müəllimlərimizi təhqir etmək və ya onların həqiqətən də çətin və şərəfli işlərinə kölgə salmaq niyyətindəyik. Əksinə, öz vəzifə borclarını ləyaqətlə yerinə yetirən müəllimlərimiz qarşısında biz hər zaman baş əyirik. Amma təəssüflər olsun ki, yuxarıda qeyd etdiyimiz “qayğılar” bu gün həqiqətən də əksər orta məktəb direktorlarının düşüncəsinə hakim olmuş ən vacib məqamlardan sayıla bilər. Məsələn, redaksiyamıza daxil olan məlumatlarda Bakının Yasamal rayonunda yerləşən 173 saylı orta məktəbdə da hazırda pul yığımlarının daha geniş vüsət aldığı bildirilir. Mənbələr xüsusi olaraq qeyd edirlər ki, tədris ilinin məhz sonuncu rübü Afiqə Həsənovanın rəhbərlik etdiyi bu məktəbdə pul yığımlarının artması ilə diqqəti cəlb edir. Qəzetimizin ötən saylarında da biz bu orta təhsil müəssisəsində artıq uzun müddətdən bəri yer almış çeşidli qanun pozuntularından bəhs edən tənqidi materiallar dərcetmişik. Həmin materiallarda da göstərilirdi ki, 173 saylı məktəbdə bu neqativ hallar ilk növbədə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi adlar altında rüşvət yığımlarının həyata keçirilməsində öz təzahürünü tapır. Məlumatlarda təqdim olunan faktlar belə deməyə əsas verir ki, bu məktəbdə rüşvət yığımı proseduru əməlli-başlı sistemləşdirilərək zəncirvari qaydada həyata keçirilir. Belə ki, ilk növbədə məktəbin ibtidai sinif şagirdləri üçün ( I – IV siniflər ) stabil olaraq 3 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər ( V – XI siniflər ) üçün bu məbləğ artaraq 5 manat təyin edilir. Bundan başqa isə məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Belə ki, iddialara görə əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim 400 manat məbləğində rüsum ödəməli olur. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı “ödənişləri” də Afiqə Həsənovanın gəlirlərinin əsas tərkib hissəsi kimi qeyd etmək olar.Qəzetimizin səhifələrində biz dəfələrlə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərən orta məktəblərdə yer almış neqativ halların, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularının ifşasına yönəldilmiş tənqidi məqalələr dərc etmişik. Əlbəttə ki, bu yazıların əksəriyyəti redaksiyamıza valıdeynlər tərəfindən təqdim olunan materiallar əsasında hazırlanmışdır. Bununla belə, danılmaz bir həqiqət də bundan ibarətdir ki, övladlarımızın təhsil aldıqları həmin bu müəssisələrdə qayda-qanunun bərqərar olmasına da əslində elə biz özümüz əngəl oluruq. Hamımız gileylənsək də, müxtəlif instansiyalara şikayətlər ünvanlasaq da öz əlimizlə tələb olunan rüşvəti də verməkdə davam edirik. Bu isə rüşvətxor məktəb direktorlarını daha da şirnikləndirir, onların iştahasını bir qədər də artırır. Bütün bunlara son qoymaq üçün isə, təhsil sahəsində islahatlar aparmaqla yanaşı, öz şüurumuzu, düşüncə tərzimizi də islah eməliyik.