Azərbaycanın hərbi çağırış sistemi Ağsuda tənəzzül edib... - Orduya xəstələr göndərilir...
8-04-2015, 16:15
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Ağsu rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair bəzi açıqlamalar təqdim edilir. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz qeyd etmişdik ki, son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu səlahiyyətlərin ümumiyyətlə yeni yaradılmış Səfərbərlik xidmətinə verilməsinə baxmayaraq bu qurumların fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya halları ilə müşayiət olunur. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda qeyd olunur ki, əvvəllər komissarlıqda yer alan rüşvətxorluq və korrupsiya halları Səfərbərlik xidmətinin bəzi rayon şöbələrində bir qədər də artıb və dərinləşib. Mənbələrin iddialarına görə Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərovun fəaliyyəti də bu yazılanları dəqiqliklə təsdiq edir. Səfərbərlik xidmətinin bu şöbəsinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strateji əhəmiyyət daşıyan qurumdan öz qanunsuz əməlləri üçün hələ də öz şəxsi mənafeylərinin təminatı üçün istifadə edirlər. Əlbəttə ki, bu vəziyyət davam etdikcə Ağsu rayonunun ictimaiyyəti bu biabırçılıqlara nəhayət nə zaman və kim tərəfindən son qoyulacağı sualına cavab ala bilməyəcək. Daxil olan məlumatlarda isə bildirilir ki, bu gün Ağsu rayonunda sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması hallarına kifayət qədər çox rast gəlmək olur. Vurğulanır ki, şöbədə baş verən qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Məlum olduğu kimi ölkə qanunvericiliyinə görə üç uşağı olan atalar və 35 yaşına çatmış kişilər hərbi xidmətə cəlb olunmurlar. Hərbi xidmətdən yayınmağa çalışan şəxslər də üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar. Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilər. Bu xüsusda mənbələrin təqdim etdikləri məlumatlarda Elməddin Cəfərov tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması kimi ciddi qanun pozuntularına mütəmadi olaraq yol verildiyi iddia olunur. Həm də məlumatlarda şöbə rəisi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara təqdim olunan saxta hərbi biletlərin bir neçə min manata başa gəldiyi bildirilir. Qeyd olunur ki, bu yolla bir çox çağırışçılar guya ki, səhhətində olan problemlərlə bağlı dinc şəraitdə hərbi xidmətə yararsız olduğunu təsdiq edən sənəd almışlar. Digər tərəfdən isə hər üç ildən bir, qoyulmuş “diaqnozun” təsdiqlənməsi üçün həmin çağırışçılar Səfərbərlik xidmətinin Ağsu rayon şöbəsinin rəhbərliyinə əlavə 500 manat da ödəyirlər. Belə vəziyyətin yaranması isə yerli ictimaiyyətin ciddi narahatlığına əsas yaradıb. Yerli mənbələr bildirir ki, Elməddin Cəfərov hətta respublikada getdikcə vüsətlənən antikorrupsiya mübarizə dalğasının fonunda belə öz əməllərini səngitməmişdir. Onun rəhbərliyi altında isə şöbənin digər səlahiyyətli əməkdaşlarının da bu istiqamətdə fəaliyyəti nəzərə çarpacaq dərəcədə aktivliyi ilə diqqəti cəlb edir.