Almaniyada iki ukraynalını qətlə yetirən rus həbs edilib

30-04-2024, 12:24           
Almaniyada iki ukraynalını qətlə yetirən rus həbs edilib
Polisin bazar günü verdiyi məlumata görə, Almaniyanın cənubunda iki ukraynalı bıçaqlanaraq öldürülüb, qətldə şübhəli bilinən bir rusiyalı isə həbs edilib.

Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen qraflığında yaşayan 23 və 36 yaşlı iki ukraynalı Yuxarı Bavariyanın Murnau kəndindəki ticarət mərkəzinin ərazisində qətlə yetirilib. Almaniyanın dpa xəbər agentliyinin bildirdiyinə görə, polis qətldə şübhəli bilinən 57 yaşlı bir rusiyalını az müddət sonra, şənbə günü axşam həbs edib.

Ukrayna Xarici İşlər Nazirliyi açıqlamasında iki şəxsin Ukrayna hərbçiləri olduğunu bildirib. "İlkin məlumata görə, ölən vətəndaşlar Almaniyada tibbi reabilitasiyadan keçən hərbçilər olub" - deyə, açıqlamada bildirilib.

Qurbanların və şübhəlinin adları Almaniyanın məxfilik qaydalarına uyğun olaraq açıqlanmayıb. Rəsmilər qətlin mümkün motivlərinin hələ məlum olmadığını bildirib. Üç şəxsin bir-birini tanıyıb-tanımadığı da bəlli deyil.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzə başlamasından sonra Almaniyaya 1 milyondan çox ukraynalı qaçqın sığınıb.

Almaniyada həmçinin çox sayda rus mühacir icması və 2,5 milyon alman əsilli ruslar yaşayır. Onlar oraya 1990-cı illərin əvvəllərində, Sovet İttifaqı dağıldıqdan sonra köçüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.