Parisdə Cənubi Sudan rəsmisinin içində minlərlə dollar olan çantası oğurlandı
7-08-2024, 16:24
Olimpiya Oyunlarının keçirildiyi Fransanın paytaxtı Parisdə naməlum şəxslər Cənubi Sudanın idman və gənclər siyasəti nazirinin müavininin içərisində 35 min dollar olan çantasını oğurlayıblar.
Bu barədə TASS xəbər yayıb.
Məlumata görə, söhbət 2024-cü il Olimpiadası zamanı ölkə nümayəndə heyətinin saxlanılması üçün ayrılan vəsaitdən gedir.
İnsident bazar günü axşam saatlarında Viljuif ətrafında yerləşən hoteldə baş verib. Məmur çantasını hotelin foyesindəki stollardan birində nəzarətsiz qoyub. Həmin vaxt məkanda olan işçilər isə heç nə görmədiklərini deyiblər.
Çantada, həmçinin qızıl-zinət əşyaları, qadının sənədləri, mobil telefonu və olimpiya obyektlərinə giriş üçün müxtəlif vəsiqələr olub.
Çanta sonradan Paris yaxınlığındakı Massi kommunasında polis tərəfindən aşkar edilib, lakin içərisində pul və zinət əşyaları olmayıb.